İdman (Bu gün, 09:08)
Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər
“Qafqazinfo”nun məlumatına görə, bu məqamda seçmə komandanın yeni baş məşqçisinin kim olacağına dair suallar yaranır.
Nəzərə alaq ki, son illərdə millinin “sükanı arxası”na gətirilən əcnəbi məşqçilərin heç biri effektiv nəticə verməyib. Onların vaxtından əvvəl işinə xitam verilməsi isə AFFA-nın yüksək məbləğdə təzminat ödəməsi ilə nəticələnib.
Qeyd etdiyimiz hər iki məqam futbol ictimaiyyətində və azarkeşlər arasında narazılıq yaratdığından, bu dəfə yığmanın yerli mütəxəssisə tapşırılacağı gözlənilir. Bu addım eyni zamanda, AFFA rəhbərliyinə qarşı yönələn təzyiqləri də bir qədər yumşalda bilər.
Bəs, bu məqamda ön plana hansı yerli məşqçi çıxır?
Azarkeşlər arasında ən çox adı çəkilən və arzuolunan şəxs millinin sabiq kapitanı, yığmada 100-dən çox oyun keçirən və hazırda “Zirə”ni çalışdıran Rəşad Sadıqovdur.
2018-ci ildə U-21 millisini də çalışdıran 43 yaşlı mütəxəssis “Zirə”nin “sükanı arxası”nda 201 oyun keçirib.
2020-ci ilin yayından “qartallar”a rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 167, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. Onun komandası bu qarşılaşmalarda 92 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb.
“Neftçi”, “Sabah” kimi böyük büdcəyə sahib olmasa da, “Zirə” Premyer Liqada son iki mövsümü “Qarabağ”ın ardından ikinci pillədə başa vuraraq gümüş medallara sahib çıxıb, avrokuboklara vəsiqə qazanıb. Onun uzun illər “Qarabağ”ın kapitanı kimi Qurban Qurbanovla çiyin-çiyinə çalışması Sadıqovun məşqçi karyerasına müsbət təsirini göstərdiyi bildirilir.
Milli ilə adı çəkilən növbəti məşqçi Ayxan Abbasovdur.
44 yaşlı mütəxəssis bu ilin martında Azərbaycanın U-21 millisinin baş məşqçisi təyin edilib. Eyni zamanda “Şamaxı”nın da baş məşqçisi olan Abbasov U-21-lə 5 matça çıxıb və 1 qələbə qazanıb.
O daha öncə “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”un baş məşqçisi kimi də çalışıb. Yeri gəlmişkən, “Zirə” 4 dəfə avrokuboklara vəsiqə qazanıb, bunlardan biri Ayxan Abbasovun, üçü isə Rəşad Sadıqovun adı ilə bağlıdır.
Ayxan Abbasov “Zirə”dən sonra 2020-ci ildə “Sumqayıt”la avrokuboklara vəsiqə qazanıb. Bu, “gənclər şəhəri” təmsilçisinin beynəlxalq arenada debütü olub. “Kimyaçılar” debüt matçında Şimali Makedoniyanın “Şkendiya” klubuna uduzaraq Avroliqada mübarizəni ilk mərhələdə dayandırıb.
Onun rəhbərliyi ilə “Şamaxı” ötən mövsüm 7-ci olub. 2022-ci ildə isə “Turan Tovuz”la anlaşan baş məşqçinin buradakı işi iki il çəkib. O, ötən il uğursuz çıxışına görə Tovuz təmsilçisindən göndərilmişdi.
AFFA bu dəfə milliyə yerli baş məşqçi gətirmək barədə düşünsə, ehtimallar arasında “Neftçi”nin çalışdırıcısı Samir Abasov da var. Lakin onun hazırda Bakı təmsilçisi ilə uğursuz çıxış etməsi 47 yaşlı məşqçinin şansını xeyli azaldır.
Son olaraq “Kəpəz”in baş məşqçisi olmuş Azər Bağırov bu ilin martında istefa verib. Onun da adı ehtimallar arasında olsa da, şansı yüksək dəyərləndirilmir. Azər Bağırov “Qəbələ”, “Keşlə”, “Araz Naxçıvan” kimi klublarda çalışıb.
Azarkeşlər arasında hazırda işsiz məşqçilərdən olan Tərlan Əhmədovun da adını çəkənlər var. Onun da son iş yeri 2023-cü ildə “Kəpəz” olub. Bundan başqa, “Neftçi” və “Keşlə”də də baş məşqçi kimi fəaliyyət göstərib. Tərlan Əhmədovun yaşadığı ən böyük problemlərdən biri ona klub rəhbərliyi tərəfindən sona qədər etimad göstərilməməsi olub.
Qeyd edək ki, Arif Əsədovun müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərməsini nəzərə almasaq, Qurban Qurbanovdan sonra millinin son üç məşqçisi əcnəbi olub - Nikola Yurçeviç, Canni de Byazi və Fernandu Santuş.
Yurçeviç millidə çalışdığı 10 ay müddətində yığmanı 10 matça çıxarıb, 1 qələbə qazanıb, 7 dəfə məğlubiyyətlə üzləşib, 2 dəfə heç-heçə edib. De Byazi isə 40 ay müddətində 10 qələbəyə sevinib, 21 məğlubiyyət görüb, 8 heç-heçə nail olub. Santuş isə ən uğursuz məşqçi adlandırsaq, yanılmarıq - 0 qələbə, 9 məğlubiyyət, 2 heç-heçə.
