Hadisə (24-02-2014, 14:21)
Polis rəsinin müavini və oğlu güllələndi
Bakının Sabunçu rayonunda baş verən atışmanın bəzi təfərrüatları da məlum olub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun ərazidə aparmaq istədiyi tikinti ilə bağlı qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovla mübahisə etməsi olub.
Belə ki, qəsəbədəki 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər etiraz ediblər. Həmin küçənin daha bir sakini Nazim Süleymanov APA-ya deyib ki, G. Lətifov məktəbin balansında olan əraziyə daş tökdürərək qanunsuz tikintiyə başlamaq istəyib. Ona tikinti aparmaması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilib.
Lakin G. Lətifov bu gün tikintiyə başlayıb, sakinlər isə ona mane olmağa çalışıblar. Bu zaman G. Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovu ağır yaralayıb, ərazidə olan digər qonşu Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən ölüb.
G. Lətifov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları ərazidə işləyir.