Hadisə (11-02-2016, 14:31)
“Dilqəmi görəndə dəhşətə gəldim…” – Şuşadan məktub
“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dilqəmin şəklini mənə göstərdilər. Hələ də özümə gələ bilmirəm. Qardaşım tanınmaz hala düşüb”
Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib.
O, Dilqəm Əsgərovun ailəsinə məktub göndərdiyini bildirib.
“Bir ay 20 gündən sonra Dilqəmdən məktub aldıq. Dilqəm məktubda uşaqlarını görmək istədiyini yazıb. Qardaşım məktubda ailəsi ilə “Skype” vasitəsilə danışmaq, onlarla söhbət etmək istədiyini qeyd edib. Dilqəm bütün məktublarında olduğu kimi hamıya salamlarını çatdırıb”.
Qardaşının sözlərinə görə, D.Əsgərov məktubda səhhətində ciddi problemin olmadığını bildirib.
“Dilqəm səhhətinin yaxşı olduğunu desə də, onun vəziyyəti heç də yaxşı deyil. Şəklini görəndə dəhşətə gəldim, qardaşımı tanıya bilmədim.Düşmən əlində olmaq ağır dərddir”, -deyə S.Musayev vurğulayıb.
Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Qanunsuz “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.