Dünyada və regionda təhlükəsizliyə, sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tərəfdaş xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Həmin gün işə başlayan iclası giriş sözü ilə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov açıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin adından tədbir iştirakçılarını salamlayıb, ölkələrimizin rəhbərlərinin türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə daim xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edilib ki, bu müsbət impuls ölkələrimizin təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq əlaqələrində də əksini tapmaqdadır.
Ramiz Mehdiyev müzakirə ediləcək məsələlərin səmərəli olacağını və konkret nəticələr verəcəyini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən nazir Eldar Mahmudov konfrans iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə doğuran hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan, xüsusilə terrorçuluq, dini ekstremizm və nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirib.
Qeyd edilib ki, müasir terrorçu təşkilatların öz cinayətkar əməllərini daha da genişləndirmək üçün nəzarət olunmayan zonalar yaratmaq məqsədilə qarşılarına ayrı-ayrı ölkələrin ərazilərinin qəsb edilməsi kimi strateji hədəflər qoyduqlarını Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq kürsülərdən mütəmadi olaraq diqqətə çatdırıb. Bu təhlükənin ağır fəsadları artıq əyani şəkildə Ermənistan Respublikasının Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasətinin nümunəsində sübuta yetirilib. Lakin bir sıra beynəlxalq dairələrdə bu məsələnin təhlükəliliyinə ikili yanaşmaların mövcud olması problemin indiyədək ədalətli həllini tapmamasının başlıca səbəblərindəndir.
Bu baxımdan Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsinin xüsusi xidmət orqanları arasında çoxtərəfli əməkdaşlığın daha da yüksəldilməsi üçün münbit zəmin yarada biləcəyini vurğulayan nazir Eldar Mahmudov bu cür əməkdaşlıq mexanizmlərinin, eyni zamanda “İslam Dövləti” terrorçu təşkilatı kimi qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətindən irəli gələn təhlükələrin qarşısının vaxtında alınmasına töhfə verəcəyinə əminliyini bildirərək deyib: “Təəssüf ki, “İslam Dövləti” terrorçu təşkilatının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib. Bir neçə ölkənin ərazisində fəaliyyət göstərən və öz nüfuz dairəsini genişləndirməyə çalışan bu terrorçu təşkilat qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”.
Eldar Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Konfransın XVIII iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsir göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksələcəyinə ümidvar olduğunu söyləyib.
İclasda çıxış edən Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan terrorçuluq və digər transmilli cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri barədə danışıb.
Qazaxıstan Respublikası Xarici Kəşfiyyat Xidmətinin direktoru Qabit Bayjanov terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə digər iştirakçıların da çıxışları və multimedia təqdimatları maraqla qarşılanıb, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclasının nəticələri üzrə yekun sənəd imzalanıb, Konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.