Hadisə (29-08-2015, 23:46)
Astarada mal-qara oğruları saxlanıldı
Azərbaycanın Astara rayonunda xırda buynuzlu mal-qara oğurluğu ilə məşğul olan şəxslər ifşa olunub.
Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayon sakinləri Arif Xudayar oğlu Cabbarov və onun xalası oğlu Şamxal Raqib oğlu Mirzəyev avqustun 26-da gecə saatlarında rayonun Şahağacı kəndində Rövşən Yaşar oğlu Mürsəlzadəyə məxsus heyvandarlıq fermasına qanunsuz daxil olaraq oradan 7 baş qoyun oğurlamaqla əmlak sahibinə 700 manat dəyərində maddi ziyan vurublar.
Avqustun 27-də gecə vaxtı A. Cabbarov və Ş.Mirzəyev yenidən tamaha düşərək rayonun Şahağacı kənd sakini Fərqanə Rəhman qızı Hüseynovanın həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan 1 baş qoyun oğurlamaqla zərər çəkmiş şəxsə 100 manat dəyərində maddi ziyan vurublar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Cabbarov və Ş.Mirzəyev şübhəli şəxs qismində isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil veriliblər.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.