Hadisə (28-07-2015, 17:06)
“Günah Penitensiar Xidmətin maşınında idi...”
Lökbatanda iyulun 25-də Penitensiar Xidmətin maşını və minik avtomobilinin toqquşması ilə bağlı yeni məlumatlar bəlli olub.
Hadisə zamanı “Toyota” markalı avtomobildə olan Emil Həsənov “Qafqazinfo”ya mürəciət edib. O bildirib ki, hadisənin səbəbkarı sükan arxasındakı dayısı oğlu mərhum Hacıyev Elxan Əbülfəz oğlu olmayıb: “Medianın yazdığına görə, bizim maşın yüksək sürətlə əks tərəfə keçib və Penitensiar xidmətin maşını ilə toqquşub. Hadisə elə olmayıb. Orada yola əks istiqamətdə çıxmaq mümkün deyil. Orta xətdə dəmir maneə var. Biz sarı xətti keçib yolun sağında dayanmışdıq. Təhlükəsizlik kəmərlərimiz də taxılı idi, maşını da söndürməmişdik. Telefonda bir nəfərlə harada görüşəcəyimizi təyin edirdik. Mən elə telefonla danışan yerdə arxadan böyük zərbəylə vurulduğumuzu hiss etdim. Mən oyananda gördüm ki, məni çıxarıblar, dayımoğlu isə maşındadır. Maşında oturacağın ikisi də sınmışdı, Elxanın bədənində heç nə yox idi, ancaq başı arxa hissədən deşilmişdi. Təcili yardım maşını gəldi, ancaq xəstəxanada Elxanı xilas edə bilmədik”.
Emil Həsənov onu da vurğulayıb ki, hadisə ilə bağlı yayılan məlumatlarda mərhumun hadisədə günahkar kimi göstərilməsi onun ailəsinə pis təsir edir: “Biz istəyirik ki, hadisə olduğu kimi işıqlandırılsın”.
Qeyd edək ki, Mərhum Elxan Hacıyev 1987-ci il təvəllüddür və ailəlidir. Onun 1 yaşında qızı və 7 yaşında oğlu var.
Mediatv.az