Hadisə / Slayd (17-06-2015, 09:10)
Süleyman Dəmirəl vəfat etdi
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 17-də müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.
"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdu. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və türk millətinə başsağlığı diləyirik" - açıqlamada deyilir.
91 yaşlı siyasətçi yerli vaxtla saat 02:05-də (Bakı vaxtı ilə 04:05) nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib.
Sami Süleyman Gündoğdu Dəmirəl 1924-cü il, noyabrın 1-də İsparta vilayəti Atabəy rayonunun İslamköy kəndində dünyaya gəlib. 1993-2000-ci illər arasında Türkiyənin 9-cu prezidenti olub. 1965-1993-cü illər arasında 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub.
İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çoxpartiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahibdir. Fərqli vaxt və partiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub.
1964-cü ildə Ədalət Partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.
1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb.
1980-cı ildə vətəndaş hərc-mərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, Doğru Yol Partiyasının rəhbəri seçilib.
1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin prezidenti seçilib.
1 noyabr, 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.