Hadisə (18-05-2015, 16:24)
Rabitə Nazirliyindən internet provayderlərinə zərbə
Rabitə Nazirliyi özəl internet provayderlərinin müştərilərini azalda biləcək hücuma keçib.
“Marja”nın əldə etdiyi məlumata görə, rayon telekommunikasiya idarələrinə “Bakinternet”in satışlarının artırılması tapşırılıb. Bu məqsədlə telekommunikasiya idarələri tərəfindən onların aboneneti olan idarə və şirkətlərə zənglər vurularaq yeni fiber-optik İnterneti təklif olunur.
“Rabitə və yüksək texnologiyalarnazirinin əmri ilə, müəssisə və idarələrin “Bakıinternet”in fiber-optik xəttilə İnernetlə təmin olunması tapşırılıb”, – telekommunikasiya qovşaqlardan birinin əməkdaşı şirkətlərə zəng edərək deyib.
Diqqəti cəlb edən, idarə və müəssisələrə zəng vurulan telekommunikasiya qovşağının əməkdaşının ilk öncə “Siz hansı internet provayderinin xidmətlərindən istifadə edirsiniz?” sualını verməsidir. Əgər dövlətin internet provayderinin şərtləri şirkətləri məmnun edərsə, özəl operatorlar müştərilərinin bir hissəsini itirə bilərlər.
Qeyd edək ki, telekommunikasiya qovşaqlarının əməkdaşları şirkət və idarələrə zəng vuraraq görüşlər təyin edirlər. Razılıq əldə olunduğu halda, texnki heyət müəssisələrə göndərilərək fiber-optikin çəkilməsi imkanları araşdırırlar. “Bakıinternet” ayrıca xətt ilə sürəti 4 meqabit saniyədən başlayan İnternet təklif edir.