Siyasət (21-02-2014, 11:36)
Millət vəkili Samsunda gənclərə səsləndi
Samsun şəhərinin On Doqquz May Universitetində Xocalı Soyqırımının 22-ci il dönümünə həsr olunmuş konfrans keçirilib.
“Mediatv.az”-a daxil olan məlumata görə, konfransda Universitetin rektoru Prof. dr. Hüseyn Akan, Rektor köməkçisi Hakan Leblebiçioğlu, Türk Dünyası Araşdırmaları Cəmiyyətinin Akademik sözçüsü Kənan Ərzurumlu, universitetin professor və müəllim heyəti, millət vəkili Azərbaycan Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak ediblər. Konfransda əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Konfransı açılış sözü ilə açan On Doquz May Universitetinin Türk Dünyası Araşdırmaları Cəmiyyətinin Akademik sözçüsü Kənan Ərzurumlu Azərbaycanın Türkiyə üçün böyük önəm kəsb etdiyini, bunun tarixən də bu gün də və gələcəkdə də belə olacağını dilə gətirib. O bildirib ki, türklər millət olaraq həmişə Azərbaycanın yanındadır. “Xocalı soyqırımının anılması Azərbaycanın yaşadığı acıların unudulmaması üçündür. Biz oğuzsoylu dövlətlər olaraq, başda Azərbaycan olmaqla digər türk dövlətləri ilə fərqli bayraqlar daşıyan tək millətik. Azərbaycan Türkiyə üçün vazkeçilməz önəm daşıyır. Aramızdakı maneə Ermənistandır. Onlar 1905-ci ildə etdiklərini Xocalıda təkrarladılar. Türkiyə dövləti Ermənistanla gömrük qapılarının açılması xatirinə Bursada Azərbaycan bayrağına qarşı hörmətsizlik etsə də bu hadisə bizə türk milləti olaraq pis təsir etdi”. Sonda isə Kənan Ərzurumlu, “Bir azərbaycanlı üçün bütün Ermənistan yansa vecimə deyil”,- deyərək fikirlərini yekunlaşdırıb.
Daha sonra çıxış üçün söz millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, Azərbaycan-Türkiyə Dostluq Qrupunun rəhbəri, Qənirə Paşayevaya verilib. O,22 il əvvəl ermənilər tərəfindən törədilən və insanlığa qarşı cinayət adlandırdığı, Xocalı faciəsini unutdurulmayacağını dilə gətirib. Bir sıra ölkələr tərəfindən Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın ən böyük hədəfinin bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri olduğunu qeyd edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməyib, 1 milyon insan hələ də evinə dönə bilmir. "Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika, Kolumbiyadan sonra, Çexiya Respublikası Parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir."