Gündəm (17-02-2014, 23:49)
Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının akademiki seçildi
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu Akademiyanın akademiki seçilib və ali mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olub. Məktubda deyilir: "Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim, nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək qiymətləndiririk.
Rəyasət heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı - "Mühəndislik Şöhrəti" ordeni ilə təltif ediliblər.
Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilib".