Gündəm (29-04-2016, 12:38)
Zahid Oruc Sarkisyanı istefaya, spiker isə deputatları məktub yazmağa çağırdı
Milli Məclisin iclası başlayıb.
Mediatv.az xəbər verir ki, Deputat Zahid Oruc son 3 gündə cəbhə xəttində yaranmış vəziyyətlə bağlı danışıb.
O bildirib ki, bu ağırlıq təkcə Ali baş komandanın deyil, hər kəsin üzərinə düşür.
“Bölgələrdə dinc insanları hədəfə çevirən Ermənistan 90-cı illərdəki kimi uğur qazanacağını düşünür. Ziyanı azaltmaq əvəzinə Sarkisyan öz xalqını qırğına vermiş olur. Sarkisyanı istefa verməyə çağırıram. 3 generalını işdən çıxarmaqla hesab edir ki, hakimiyyətini qoruyub saxlaya biləcək.
Amma bu mümkün olmayacaq. Qarabağda yaşayanlar əlillər və işsiz qocalardır. Ön cəbhədə olan hərbçilər öz ailələrini oradan çıxarıblar. Onlar demoqrafik cəhətdən məhv olublar. Rusların kömək edəcəyini düşünürlər. Amma niyə ruslar Dağlıq Qarabağa görə ölməlidirlər?”
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, parlamentin dostluq qruplarının rəhbərləri tərəfindən məktublar yazılsın.
“Həqiqətlər çatdırılmalı, bu sahədə aktiv olmalıyıq. Bilməyənləri başa salmaq lazımdır. Burada danışmaqdan çox tanıdığınız parlament üzvlərinə, deputatlara problemi çatdırmaq lazımdır.
Elələri var ki, onların Dağlıq Qarabağdan xəbərləri yoxdur, onun harada yerləşdiyini blmirlər. Ermənilər yalan informasiyaları doğru kimi yayırlar. Biz bu istiqamətimizdə işlərimizi genişləndirməliyik”/modern.az/.