Gündəm (6-02-2014, 11:28)
“Rəsulzadəni milli dövlət qurucusu kimi təqdim etmək yanlışdır”
“Azərbaycan dövlətçiliyinin tarixini Rəsulzadədən götürmək yanlışdır. Rəsulzadədən qabaq Azərbaycanda klassik mənada dövlətlər olub, bu, Şah İsmayıl Xətainin, Nadir Şahın yaratdığı dövlətlər olub. Beş yüz illik böyük bir hökmran sivilizasiya olub. Rəsulzadə sadəcə olaraq ölkədə ilk dəfə respublika ənənələrini, demokratik dövlət quruluşunu meydana gətirib”.
“Mediatv.az” xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu Azadlıq Radiosunun Oxu Zalı verilişindəki dəyirmi masada deyib. O, bildirib ki, M. Ə. Rəsulzadə özü deyirdi ki, bizim məğlub olmağımızın əsas səbəblərindən biri o vaxtkı Azərbaycan parlamentinin siyasi məsələlərdən çox, qeyri-siyasi məsələləri müzakirəyə çıxartması idi: “Mən yazmışdım ki, həm Elçibəyin, həm Rəsulzadənin hakimiyyətdən getməsinin səbəbləri eyni səhvlə bağlı olub. Bu səbəb o dövrün parlamentləri idi.
Əbülfəz Elçibəy prezidentliyi dövründə Ali Soveti buraxmadı, yeni seçkilər keçirmədi. Sonradan həmin Ali Sovet Əbülfəz Elçibəyi istefaya göndərdi, hakimyyət çevrilişində iştirak etdi. Eynilə M. Ə. Rəsulzadə də 31 mart qırğınını törətmiş kommunistlərin böyük bir hissəsi Əliheydər Qarayev və başqaları ilə parlament qurmuşdu. Həmin adamlar imkan yaranan kimi, eynilə 90-cı illərdəki kimi hakimiyyətin ruslara verilməsini tələb etdilər və demokratik cümhuriyyət süquta uğradı.
Təbii ki, o vaxtkı vəziyyəti indiki ilə eyniləşdirmək olmazdı. O vaxt imperiyalar yenicə dağılır, İkinci Dünya müharibəsi başa çatırdı. O vaxtadək milli dövlət ideyaları demək olar ki, yox idi. Bizim başa düşdüyümüz milli dövlətlər birinci dünya müharibəsindən sonra yaranıb. O da kulminasiyasına Hitler Almaniyasında çatıb. Bu baxımdan Rəsulzadəni milli dövlət qurucusu kimi təqdim etmək düzgün deyil. Bilirsiniz ki, o əvvəl sosial-demokrat olub və sonralar İrana gedib, ordakı məşrutə hərəkatından bəhrələnib və ideoloji cəhətdən dəyişilib, Müsavat Partiyasına keçib.
O, təkamül yolu keçib, millətçi kimi doğulmayıb, ictimai-siyasi hadisələrin içində bişə-bişə gəlibdir. Bir də bir şeyi başa düşmək lazımdır ki, biz azərbaycanlılar şəxsiyyət kultu yaratmağa meylliyik, istəyirik sevdiyimiz adamları ideallaşdıraq, ancaq hətta peyğəmbərlərin də səhvi olur, Quranda var ki, bəzi peyğəmbərlər səhvlərinə görə cəzalanıb. Bir lideri insanlara sevdirmək üçün onu daha çox insani tərəfləri ilə sevdirmək lazımdır. Biz kult yaratmaqla çox da uzağa gedə bilmərik”.