Gündəm / Slayd (5-12-2015, 11:13)
Terror Bakıda - iqtidar qanunları sərtləşdirdi ...
Anti-terror tədbirlərinə qanunvericilikdən başlanıldı; Parlament məscidlərdəki dini bayraqları qadağan etdi; xaricdə dini təhsil alan şəxslərin dini mərasim və ayinləri icra etməsi yasaqlandı; dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə qarşı mübarizədə polisin səlahiyyətləri artırıldı; bundan sonra dövlətə qarşı çıxanlar Azərbaycan vətəndaşlığını itirməli olacaq; MM-də Rəsulzadənin təhqir edilməsi də müzakirə olundu
Mediatv.az xəbər verir ki, Milli Məclisin 4 dekabr tarixli plenar iclası parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi və çox gərgin müzakirələrlə yadda qaldı. Nardaran hadisələrindən sonra qəbul olunması birmənalı şəkildə zərurətə çevrilən “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsini deputatların müzakirəsinə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təqdim etdi. O, məruzəsində bildirdi ki, Azərbaycanda dini modelin ən düzgün forması mövcuddur:
“Azərbaycanda dövlət həmişə dinin yanında olub və yanındadır. Başqa ölkələr bu sahədə bizə qibtə edə bilər. Lakin bəzi hallarda görürük ki, dini pərdə altında bəzi dövlətlərin ideologiyaları Azərbaycana ixrac olunmaqdadır. Qanunun əsas məqsədi bu ideologiya ixracının qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirməyə çalışırlar. Bu qanunla belə hərəkətlərin qarşısını almağa çalışırıq”.
S.Novruzov dedi ki, belə bir qanun xeyli əvvəldən qəbul edilməliydi: “Xaricdə oxuyanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Belə halların qarşısı alınmalıdır”. Komitə sədri Azərbaycanda min nəfərə qədər gəncin xaricdə ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak etdiyini də vurğuladı.
Deputat Zahid Oruc çıxışında bildirdi ki, dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır: “Dünyada terrorizmlə fəal mübarizə gedir və terrorizmin maliyyələşdirilməsi özü bir cinayətdir. Düşünürəm ki, bütün ziyarətgahlarda toplanan ianələrin hesabatı aparılmalıdır. Nə qədər vəsait yığılır, nə qədər xərclənir, məlum deyil. Deyilənlərə görə, təkcə Nardaranda dini ayinlər zamanı bir milyon manata yaxın pul yığılıb. Göründüyü kimi, bu vəsait qəsəbənin inkişafına deyil, terrorizmin maliyyələşdirilməsinə və silah alınmasına sərf edilir”.
Deputat Musa Qasımlı da təhlükənin miqyasının geniş olduğunu bildirdi: “Əgər vaxtında tədbirlər görülməsə, bir gün cümə namazından çıxdıqdan sonra radikal dini qüvvələrin arasında çox ciddi qarşıdurmaların şahidi olarıq". Deputat vaxtilə Marqaret Tetçerin ”Şah niyə devrildi" sualına özünün verdiyi cavabını xatırlatdı. Tetçer Şahın devrilməsinin birinci və əsas səbəbi kimi məscidlərin siyasiləşməsini göstərib: “Ona görə də məscidlərin siyasiləşməsinə qətiyyən yol vermək olmaz, məscidlər dini ibadət yerləridir”.
Fazil Mustafa “gərək bu qanunu vaxtında qəbul edəydik” deyə bildirdi: “Dövlət üçün ekstremizmin təhlükəli üç növü var: siyasi ekstremizm, etnik separatizm və dini ekstremizm, sonuncu ən təhlükəlidir. Təklif edirəm ki, yaxın zamanlarda siyasi, etnik və dini ekstremizmə qarşı mübarizə barədə qanunu qəbul edək”.
Fəzail Ağamalı bildirdi ki, bu qanunun İslamla bağlılığı barədə söylənilənlər yolverilməzdir: “Məgər İŞİD-i İslam yaradıb? Tale Bağırzadənin İslama nə aidiyyəti var? Xahiş edirəm ki, kimlərsə bu qanunun guya İslama qarşı olması barədə yozmalar aparmasınlar”.
Qüdrət Həsənquliyev isə bildirdi ki, kimsə bizi öz dinimizə qarşı çıxmaqda ittiham edə bilməz: “Mən hakim partiyanın təklif etdiyi bu qanunu dəstəkləyirəm. İndiyədək həm ölkə prezidenti, həm də birinci xanım səviyyəsində İslam və dinimizin qorunması istiqamətində böyük addımlar atılıb. Bu addımlar ölkədə yüksək qarşılanıb. Hesab edirəm ki, biz İslamı gözdən salanları ifşa etməliyik və dinimizi qorumalıyıq. Nardaranda gizlənmiş bir qrup şəxs dinimizi gözdən salmağa çalışırdı”.
Deputat təklif etdi ki, qanunun müvafiq bəndində jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə lazımi məlumatlarla təmin olunması da əks olunmalıdır: “Çünki jurnalist hər hansı keçirilən əməliyyatla bağlı dəqiq bilə bilməz ki, hansı məlumat dövlət sirridir, hansı məlumat isə yox. Bunu yalnız hüquq-mühafizə orqanlarının aidiyyəti şəxsləri bilə bilər. Ona görə də hesab edirəm ki, jurnalistlər lazımi məlumatlarla operativ olaraq təmin olunmalıdır”.
Vitse-spiker Bahar Muradova qeyd etdi ki, bu qanun və bundan sonra da qəbul olunacaq bu kimi qanunlar İslama qarşı deyil: “Deputatlarımızdan xahiş edirəm ki, yeni hazırlanan ”Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsini yalnız Nardaranda baş verən hadisə ilə əlaqələndirməsinlər. Kimsə bu qanunu İslama qarşı olmaqda ittiham edə bilməz. Avropada da terror hadisələri baş verir. Bunu açıq şəkildə dinlə əlaqələndirirlər. Burada əsas məsələ din deyil, siyasətdir".
B.Muradova dedi ki, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir: “Məsələyə daha geniş və qlobal baxmalıyıq. ”Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində günün tələblərini əks olunur. Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləşdirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən, həm də fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir. Din mədəniyyətimizin bir hissəsidir. Dövlət vətəndaşlarının yanındadır və onları bundan sonra bu qanunla daha yaxşı qoruya biləcək. Çalışırıq ki, insanları dini ekstremizmə yuvarlanmaqdan xilas edək".
Ziyafət Əsgərov isə məscidlərdə siyasi müzakirələrin aparılmasının yolverilməz olduğunu bəyan etdi: “Nə vaxtdan məscid siyasi diskussiya meydanı olub? Hər birimizin dindən az-çox məlumatımız var. Dindarın siyasətlə nə işi var? Dindar məscidə gedib namaz qılmalıdır, siyasi diskussiyalar, dövlət əleyhinə kampaniyalar aparmalı deyil. Nardaranda hara baxırdın, qara bayraqlar asılıb. Dində bu cür bayraq anlayışı varmı? Burada Quran oxuyan insanlar əyləşib. Onlara müraciət edirəm, Quranda belə hallar varmı? Azərbaycanda yalnız bir bayraq dalğalana bilər, o da üç rəngli Azərbaycan bayrağıdır. Bura müstəqil Azərbaycan dövlətidir və onun öz bayrağı var. Bu bayrağı bizə ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndər Heydər Əliyev qazandırıb”.
Bundan sonra bir oxunuşla qanun qəbul edildi.
“Dini etiqad azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirdi ki, layihədə əksini tapan dini bayraq anlayışı yolverilməzdir: “Sən niyə başqa bayraqdan istifadə etməlisən? Bu dövlətin bir bayrağı var, xoşun gəlmir, çıx, get bu ölkədən!”
Deputat Qənirə Paşayeva dedi ki, qanunda yalnız İslam dinindən söhbət getməməli, bu sözü dini ayin və mərasimlər ifadəsi ilə əvəzləmək lazımdır: “Qanundan bayraq ifadəsini isə ümumiyyətlə çıxartmaq lazımdır. Vahid İslam və ya İslam dini bayrağı anlayışı yoxdur. Hərə İslam bayrağı adı ilə müxtəlif bayraqları dini ibadət yerlərindən, dini mərasimlərin, tədbirlərin keçirildiyi yerlərdən asır. Bizim dövlət bayrağımızda müsəlman ölkəsi olmamız, İslam dini yaşıl rənglə özünün əksini tapıb. Ona görə də dini ibadət yerlərində, dini mərasimlərin keçirildiyi yerlərdə də dövlət bayrağımız asılmalıdır, başqa bayraqlar deyil”.
Deputat Tahir Kərimli müzakirələr zamanı konkret təklifi olanların da dinlənilməsinin arzuolunan olduğunu dedi və əvvəlki qanunun müzakirəsində ona söz verilməməsindən şikayətləndi: “3 minə yaxın vətəndaşımız xaricdə təhsil almağa göndərilib. Dövlətə qarşı kim təbliğat aparırsa, ona qarşı mübarizə aparılmalıdır, xaricdə təhsil alıb-almamasına baxmayaraq”.
Gənclər və idman komitəsinin sədri Fuad Muradov gənclərin müxtəlif təriqətlərə cəlb olunması məsələsinə toxunaraq bildirdi ki, qanunla bu cür hərəkətlərin qarşısı alınacaq: “Əminəm ki, biz bu qanunla digər dinlərin təsiri altında olanların Azərbaycanda dağıdıcı fəaliyyətlərinin, gənclərin müxtəlif bilinməyən təriqətlərə cəlb olunmasının qarşısını alacağıq”.
İclasda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dedi ki, İslamda yaşıl rəngdən söhbət gedir, o da bizim bayrağımızda əksini tapıb. Bu mənada, biz də qanuna dini ibadətgahların qarşısında başqa atributların asılmasını qadağan edən müddəa əlavə edə bilərik.
Dəyişikliklərdən sonra dini ayin və mərasimlərin aparılmasının yalnız Azərbaycanda dini təhsil almış şəxslərə həvalə edilməsi barədə dəyişiklik qəbul edildi.
Bundan sonra “Polis haqqında” Qanuna əlavələr təsdiqləndi. Dəyişikliklər terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındığı zaman polisə silahdan birbaşa istifadəyə imkan verilir.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Qeyd edək ki, layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr edilib. Beləliklə, Azərbaycan vətəndaşı terror fəaliyyətində iştirakı və AR Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi və Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.
Deputat Qüdrət Həsənquliyev bu məsələnin gündəlikdən çıxarılmasını təkidlə xahiş etdi. Bildirdi ki, düzəliş ölkə konstitusiyasına ziddir: “Konstitusiyanın 53-ci maddəsinə əsasən kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır”. Deputat konstitusion dövlətə qarşı çıxış edən şəxslərə qarşı silah tətbiqinə səs verən deputatların özlərinin konstitusiya maddəsinə zidd qanun qəbul etməsini yolverilməz saydı.
Ziyafət Əsgərov isə bildirdi ki, Konstitusiyanın 53-cü maddəsinə görə, heç kəs heç bir halda kəs vətəndaşlıqdan məhrum edilə bilməz: “Burada da söhbət vətəndaşlıqdan məhrumetmədən getmir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsində də vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir". Ə. Hüseynli də 1-ci vitse-spikerin dediklərini təsdiqlədi.
Qanun layihəsi səsverməyə çıxarılaraq 2 nəfər əleyhinə olmaqla, qəbul edildi.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri də nəzərə çatdırdı. Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir.
Deputat Elmira Axundova Nardaran hadisələrinə görə Azərbaycan polisinə minnətdarlıq etdi. Bildirdi ki, terrorçuluqla mübarizədə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları qəhrəmanlıq göstəriblər. Lakin layihə barədə danışarkən dedi ki, pul məsələsini məktəbə gətirmək yaxşı deyil: “Rüşvətlə qarşı yeni təhsil naziri Mikayıl Cabbarov mübarizə aparır. Yuxarı siniflərdə varlı valideynlər məktəb direktoruna əvvəlcədən pul ödəyəcək ki, uşağı rahat repetitor yanına getsin, kasıb təbəqə isə cərimələnəcək. Bunu cərimə ilə həll etmək mümkün olmayacaq. Bunun başqa yolu axtarılmalıdır”.
E. Axundova dedi ki, pul cərimələri neqativ halların çoxalmasına və alverə gətirib çıxardacaq.
Q.Həsənquliyev isə dedi ki, Azərbaycanın bəzi bölgələrində və Nardaranda valideynlər övladlarını 4-cü sinifdən dərsə buraxmırlar: “Guya dinə görə uşaqları yayındırlar. Söhbət gedir ki, bu uşaqlar təhsildən yayınırlar. Elmdə, təhsildə ən inkişaf etmiş ölkələrdə buna görə valideynlik hüququndan məhrum edilirlər. Uşağı təhsil almağa qoymayanda başqa problemlər ortaya çıxır. Cəmiyyət savadlı olmalıdır ki, savadlı qadınlar, savadlı insanlar konstitusiyaya uyğun cəmiyyət qursun”.
Dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Parlamentin iclasında Məhəmməd Əmin Rəsulzadəni aşağılayan ifadələr işlətmiş deputat Naqif Həmzəyevlə bağlı məsələ də müzakirə olundu. Həmçinin Naqif Həmzəyev məsələyə dair mətbuat nümayəndələrinə açıqlama verib. Həmin materialları qəzetimizin 12-ci səhifəsində oxuya bilərsiniz.(musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024