Mediatv.az xəbər verir ki, Terrorçu-kamikadzelərdən birinin adını Fransanın Şartr şəhərinin meri Jan-Pyer Jorj öz facebook səhifəsində açıqlayıb, daha iki nəfərin kimliyini isə KİV öz mənbələrinə istindən açıqlayıb.
Jan-Pyer Jorjun məlumatına əsasən, terrorçulardan biri 29 yaşlı Fransa vətəndaşı Mostefa İsmayıl Omardır (Mostefai Ismael Omar). Onun atası və qardaşı artıq polis tərəfindən saxlanılıb.
“O, Şartrda ən azı 2012-ci ildən yaşayırdı” - J.P.Jorj yazıb.
Paris prokurorluğunun məlumatına görə, Omar Paris yaxınlığındakı Kurkuron (Eson departamenti) yaşayış məntəqəsində doğulub. 2004-2010-cı illər ərzində o, 8 dəfə məsuliyyətə cəlb edilb, lakin heç vaxt həbs olunmayıb. Ehtimal edilir ki, o, Suriyada 2013-2014-cü illərdə olub. Terrorçu Fransa xüsusi xidmət orqanlarını nəzarəti altında idi.
Digər terrorçu-kamikadzenin kimliyi onun cəsədinin yanından tapılan şəxsiyyət vəsiqəsi vasitəsilə müəyyən edilib.
"Le Figaro" qəzetinin məlumatına əsasən, Abdulakbak.B (Abbdulakbak B.) 1990-cı ildə doğulub. Onun barəsində ətraflı məlumat verilmir.
Üçüncü terrorçunun adını Serbiyanın Blic qəzeti yayıb. Nəşrin məlumatına görə, Suriya vətəndaşı Əhməd Əlməhəmməd oktyabrın 3-də Yunanıstanın ərazisindən Serbiyaya keçib və Preşevo şəhərində müvəqqəti sığınacaq almaq üçün müvafiq qurumlara müraciət edib. Nəşr bildirir ki, terror aktlarının təşkilatçısı məhz Əhməd Əlməhəmməd olub (oxu.az).
Belçika prokurorluğu Brüsselin miqrantlar yaşadığı rayonunda axtarışlar zamanı Parisdəki terror aktı ilə əlaqəli 3 şəxsin saxlanıldığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.
Hazırda saxlanılan şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Prokurorluq saxlanılan şəxslərin milliyyəti, vətəndaşlığı, terror aktlarının törədilməsində iştirakı və ya hadisə günü Parisdə olmaları barədə suallara cavab verməkdən imtina edib, həmçinin axtarışlar zamanı partlayıcı qurğuların aşkarlanmasına dair məlumatı təsdiqləməyib.
Bundan əvvəl Brüssel prokurorluğu Fransa hökumətinin 4 məhkəmə sorğusunu icra etdiyini və terror aktında 2 Belçika vətəndaşının ölməsi ilə əlaqədar araşdırmalara başladığını bildirib.
Bundan əvvəl Belçikanın ədliyyə naziri Kun Gens hücuma məruz qalan “Bataklan” teatrının yaxınlığında “Volkswagen Polo” markalı avtomobilinin aşkarlandığını və bu maşını icarəyə götürən şəxsin Belçikada saxlanıldığını bildirib. Daha bir Belçika qeydiyyat nişanlı “Seat” markalı avtomobil Parisdə “Per Laşez” qəbiristanlığının qarşısında aşkarlanıb. Bu avtomobili icarəyə götürən şəxsin də saxlanıldığı bildirilir.