Gündəm / Slayd (8-06-2015, 10:46)
Cahangir Hacıyevin yeni “qurbanları”
Beynəlxalq Bank pambıqçıların pulunu kəsdi
Salyan, Neftçala və daha 10 rayonun pambıqçılıqla məşğul olan fermerləri ciddi problemlə üzləşib. Səbəb maliyyə çatışmazlığıdır. Bu məlumatı “Unikal” qəzetinə pambıq istehsalı və tədarükü ilə məşğul olan “CTS AQRO” MMC-nin Salyan pambıq istehsalı və tədarükü məntəqəsindən veriblər.
Şirkətdən verilən məlumata görə, 2015-ci il mövsümü üzrə 680 hektar sahədə pambıq əkən Salyan və Neftçala fermerləri ilə MMC arasında müqavilələr bağlanıb. Müqavilə şərtlərinə uyğun olaraq MMC fermerlərə şum, mala, səpin, toxumluq çiyid alınması və digər aqrotexniki xidmətlər də daxil olmaqla bütün zəruri işlərin həyata keçirilməsi üçün avans olaraq 140 min manat vəsait də verib. Vəsaitin qalan hissəsinin isə sonrakı mərhələlərdə ayrılması nəzərdə tutulub.
Hazırda becərmə işlərinin ən qızğın dövrüdür. Lakin vəsait yoxdur. Fermerlərin əkin sahələrini azot gübrəsi ilə yemləməsi, kultivasiya, suvarma, kətmənləmə işlərini görməsi üçün vəsaitə ehtiyacı yaranıb. Lakin Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdirilən “CTS AQRO” MMC-yə həmin vəsaiti bankdan alıb fermerlərə çatdıra bilmir. Bank MMC-nin maliyyələşdirilməsini dayandırıb. Bu da fermerləri ciddi problemlə üz-üzə qoyub.
“CTS AQRO” MMC-dən bildirildiyinə görə, əgər yaxın bir həftə ərzində bu problem həllini tapmasa, fermerlərə yanacaq və azot gübrəsi ilə köməklik edilməsə, indiyə kimi çəkilmiş xərclər problemli kredit kimi fermerlərin üzərində qalacaq, əkin sahələri məhv olacaq, çəkilən bütün xərc və zəhmət batacaq. Eyni zamanda dolanışığı əkin-biçindən çıxan pambıqçı fermerlərin güzəranı pisləşəcək.
Salyan pambıq istehsalı və tədarükü məntəqəsinin rəhbərliyi problemin həllində onlara yardım göstərilməsi xahişi ilə mayın 29-da baş nazir Artur Rəsizadəyə, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar Ibrahimova və Prezident Administrasiyası aqrar sektoruna məktubla müraciət edib.
Onu da qeyd edək ki, ölkənin 12 rayonunda 10 min hektara yaxın pambıq əkini üçün müqavilə bağlamış “CTS AQRO” MMC-nin bütün zavod və məntəqələrində eyni xoşagəlməz vəziyyət yaranıb.
Müxalifet.az