Gündəm (2-06-2015, 10:31)
Prezident: “O müqavilə imzalanmasaydı,..“
“1994-cü ildə ilk belə sərginin keçirilməsi çox mühüm idi, o ildən sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbaycan 1992-1993-cü ildə böhranla üzləşmişdi, neft sənayesində böhran vardı. 1994-cü ildə birinci sərgi Azərbaycanı dünyaya tanıtdı".
Mediatv.azxəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir: “Sərgidə 300 şirkət iştirak edir. Ötən müddətdə sərgiyə maraq azalmayıb. 1994-cü ildə birinci Xəzər Neft və Qaz Sərgisindən sonra Azərbaycanın neft strategiyası yaradılıb. 1994-cü ildə ilk neft müqaviləsi imzalanıb. O müqavilə imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı. Baxmayaraq ki, Azərbaycan o dövrdə riski ölkə sayılırdı, ancaq həm investorların, həm də Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu, Azərbaycanın inkişafını təmin etdi”.
“Biz artıq XXI əsrin layihəsini - Cənub Qaz Dəhlizini həyata keçiririk” - deyən prezident bildirib ki, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi də strateji layihədir: “Neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, bu işləri görə bilməzdik. Neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə etdi. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. İqtisadiyyatımızda neft amili 30 faiz təşkil edir. Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində böyük uğura imza atmışıq. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə düşsə də bu il 5% iqtisadi artım əldə etmişik”.
İ.Əliyevin sözlərinə görə, qarşıda duran əsas vəzifə iqtisadiyyatı şaxələndirmək, neft-qaz amilindən asılılığı daha da azaltmaq, icra edilməmiş böyük infrastruktur layihələrini reallaşdırmaqdır: “Bununla bərabər, enerji sektorunda da qarşıda duran vəzifələr həllini tapacaq. Çünki bunun üçün çox böyük əsas var. Neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq göstərir ki, Azərbaycanın xarici əməkdaşlığı səmərəli qurulub. Xüsusilə BP bizim əsas tərəfdaşımızdır, həm "Əsrin müqaviləsi", həm də "Şahdəniz" layihəsində aparıcı sərmayədardır. Bu əməkdaşlığın 20 ildən çox tarixi var. SOCAR və BP əməkdaşlığı bundan sonra daha neçə on illiklər davam edəcək”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda neft-qaz müqavilələri qanunla qorunur: “Bu gün keçmişə baxaraq deyə bilərik ki, Azərbaycan enerji sahəsində layihələri vaxtlı vaxtında icra edib”.