Gündəm (31-05-2015, 17:05)
NATO-da Azərbaycana dair brifinq keçirilib
Mediatv.az xəbər verir ki, NATO-nun mənzil-qərargahında bu təşkilatın Mülki Fövqəladə Planlama Komitəsinin Sənaye Resursları və Kommunikasiya Xidmətləri Qrupunda Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli tərəfindən “Azərbaycanın mühüm enerji infrastrukturlarının mühafizəsi: nailiyyətlər və təhdidlər” mövzusunda brifinq keçirilib.
Аzərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən bildiriblər ki, brifinqdə Azərbaycanın enerji layihələri və təhlükəsizliyi, mühüm enerji infrastrukturlarının mühafizə olunmasında əldə etdiyi nailiyyət və təhdidlər, NATO-nun bu sahədə rolu və əməkdaşlığın perspektivləri barədə Qrupa məlumat verilib.
Qrupun iclasında NATO Beynəlxalq Katibliyi, NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, aparılan müzakirələr zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə fəal və strateji tərəfdaş olduğu bildirilib.