Gündəm (9-04-2015, 17:58)
ABŞ-ın Bakıdakı səfirliyindən Rusiyaya sərt cavab
“Amerika Birləşmiş Ştatlarının Azərbaycanın suverenliyinə və müstəqilliyinə göstərdiyi uzunmüddətli dəstək yalnız sözlərdən ibarət deyil. Bizim həyata keçirdiyimiz fəaliyyətlər onu göstərir ki, biz Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın ən sabit və tərəqqili gələcəyini təmin etmək istəyirik”
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir.
ABŞ səfirliyi Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Aleksey Puşkovun böyük rezonans doğurmuş açıqlamasını şərh edərkən bu bəyanatla çıxış edib.
Qeyd edək ki, A.Puşkov ABŞ-ın Azərbaycandakı səfriliyinin fəaliyyətinin suallar doğurduğunu demişdi.
“Mənə elə gəlir ki, Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri bir sıra suallar doğurur. Axı Amerikanın xarici siyasətində “narıncı inqilab” tematikasını heç kim ləğv etməyib. Və mən hesab edirəm ki, ABŞ-ın bir sıra ölkələrdə “narıncı inqilabları” israrla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır. Yəni bir tərəfdən, burada faydalı aspektlər ola bilər. Digər tərəfdən, ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar” - deyə Dövlət Dumasının komitə sədri söyləmişdi.
ABŞ səfirliyindən isə bildirdilər ki, Rusiya Duması üzvünün verdiyi bu bəyanatlar əsassız və dəyəri olmayan bəyanatlardır.
“Yeri gəlmişkən dövlət katibinin müavini Entoni Blinken martın 31-də Vaşinqtonda qeyd etmişdi ki, Rusiyanın öz ətrafında həyata keçirdiyi fəaliyyətlər beynəlxalq quruluşun əsasına təhlükə yaradır” - deyə səfirlikdən bildirdilər.