Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-02-2015, 12:14)
Qarabağ məsələsində “sıfır variantı”na qayıdılır

“7 rayon söhbəti”nin gündəmə gəlməsinin pərdəarxası; Konflikt ətrafında ritorika dəyişir; Ermənistanda daxili siyasi durumun qəfil kəskinləşməsi təsadüf deyil; münaqişənin dondurulması ən çox kimə lazımdır...

 

Rusiya-Qərb münasibətlərinin yeni fazaya adlaması fonunda postsovet məkanına aid Qarabağ problemi ətrafında ritorika da tədricən dəyişməkdədir. Bunu xüsusən də son günlər Kremlə yaxın ekspertlər və siyasilərin dilindən bir-birinin ardınca səslənən açıqlamalardan sezmək mümkündür.
Həmin açıqlamaların qayəsini Dağlıq Qarabağla bağlı Azərbaycana xəfif reveranslar təşkil edir. Bu xüsusda son olaraq Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov bəzi nikbin fikirlər söyləyib. Sitat: “Atəşkəs müqaviləsindən keçən müddətdə Azərbaycanın ordusu da, iqtisadiyyatı da inkişaf edib. Bunu hamı, o cümlədən ermənilər hiss edir. Artıq blokada vəziyyəti onları bezdirməyə başlayıb. Əminəm ki, bölgə insanları sülh şəraitində yaşamaq və sosial şəraitlərini yaxşılaşdırmaq istəyirlər. Yeni mərhələ üçün isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalı, hərbi gərginlik azaldılmalıdır. Ondan sonra xüsusi status ətrafında danışmaq olar. Ümid edirəm ki, 7 rayonun azad edilməsi ilə də bağlı danışıqlar gedir”. Rusiyalı analitik münaqişənin ATƏT-in Minsk Qrupu formatında həllini görmədiyini də söyləyib, çünki onun zənninə görə, ABŞ prosesi daim bloklamaqla məşğuldur.
Xatırladaq ki, bundan cəmi bir neçə gün öncə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin 1-ci müavini Vladimir Nikitin “Vesti kavkaza”ta müsahibəsində analoji fikir səsləndirərək demişdi ki, “Rusiya tezliklə Qarabağ münaqişəsini həll etmək barədə düşünür”. 
Rəsmi Bakının yaxın gələcəkdə Avrasiya Birliyinə daxil olmaq barədə düşünəcəyinə ümid etdiyini bildirən Nikitinin sözlərinə görə, Moskva probleminin həlli üçün səylərini artırıb. Sitat: “Mən bilirəm ki, Rusiya prezidenti Putin və Dövlət Dumasının sədri Narışkin Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin həlli yönündə razılığa gəlməsi üçün hazırda bir sıra məsələlər üzərində işləyirlər. Ümid edirəm ki, hər iki tərəf üçün olduqca ağrılı olan konfliktin optimal həll yolu tapılacaq”.
*****
Lakin Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu məsələyə bir qədər fərqli prizmadan yanaşır. Meydan TV-yə açıqlamasında o deyib: “Markov Azərbaycanın 7 rayonunun qaytarılmasını çox ehtiyatla, ”məndə olan məlumata görə" şəklində deyir. Belə bir açıqlamanın arxasında Kremlin Ermənistanda hakimiyyəti dəyişmək planına start verməsi dayanır. Ermənistan iqtidarının müxalifətə qarşı aqressiyası da təhlükənin yaxınlaşdığını göstərir. Əgər əvvəllər müxalifətin mitinqlərinə “yox” deyilmirdisə, artıq vəziyyət fərqlidir. Çünki Sərkisyan Moskvanın dəyişikliyə start verdiyini bilir. Sadəcə, Rusiya Ermənistanla, erməni xalqı ilə düşmənçilik etməməsi üçün 7 rayonunun qaytarılması söhbətini gündəmə gətirməklə baş verəcək dövlət çevrilişinə Azərbaycanı bulaşdırmaq istəyir".
Politoloq 7 rayonun qaytarılacağına şübhə ilə yanaşır: “Elə Markov özü də şübhəsini gizlətmir və məsuliyyəti ABŞ-ın üzərinə ataraq, Minsk Qrupu çərçivəsində bunun mümkünsüz olduğunu hesab edir. Fikrini də Amerikanın prosesi blok etməsi ilə izah edir. Halbuki Rusiyadan fərqli olaraq ABŞ və Fransa həqiqətən münaqişənin həllinə çalışır”. Qurum rəhbəri hesab edir ki, Rusiya 7 rayonu qaytarsa belə, bu, Azərbaycanın güzəştləri hesabına mümkün olacaq: “Moskvanın istəkləri bəllidir: Azərbaycanın Avrasiya Birliyinə və Gömrük Sazişinə qoşulması. Qarabağ münaqişəsinin tarixinə baxsaq, start vəziyyətə qayıdırıq. Biz Rusiyanın dəstəyi ilə işğal olunmuş 7 rayonu qaytarsaq da, Dağlıq Qarabağı və suverenliyimizi itiririk. Avrasiya layihələrinə qoşulmaq suverenliyi itirməkdir”.
*****
Oruclunun fikirlərini əslində bu və ya digər şəkildə bir neçə gün öncə Putinin köməkçisi Sergey Qlazyov yuxarıda adıçəkilən nəşrə müsahibəsində təsdiqləyib - Qarabağ probleminin həllini Avrasiya İqtisadi Birliyi çərçivəsində gördüyünü söyləməklə: “Düşünürəm ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilk qaranquşdur. Regiondakı bütün konfliktlərin həlli üç Cənubi Qafqaz ölkələrinin bu ittifaqda təmsilçiliyinə bağlıdır. Əgər bizim vahid iqtisadi məkanımız olsa, o zaman heç bir sərhəd olmayacaq və dezinteqrasiya problemləri də aradan qalxacaq. O sırada Qarabağ problemi yoluna qoyulacaq, çünki malların və insanların yerdəyişməsinə mane olan sərhədlər aradan qalxmış olacaq”.
Yəni faktiki surətdə söhbət  köhnə SSRİ formatında “həll”dən, daha doğrusu, münaqişəni qeyri-müəyyən müddətə dondurmaqdan, lap dəqiqi, “sıfır variantı”na qayıtmaqdan gedir...
*****
Öz növbəsində amerikalı həmsədr Ceyms Uorlik dünən erməni mediasına müsahibəsində politoloq Markovun açıqlaması ilə ziddiyyət təşkil edən mövqe sərgiləyib. O, əksinə, ABŞ-ın danışıqlar prosesini intensivləşdirməkdə maraqlı olduğunu söyləyib: “İndi əsas hədəflərimizdən  biri prezidentləri yenidən görüşdürməkdir. Lakin bu görüş nə qədər yaxşı keçsə də, kifayət deyil. Bizə görüş naminə görüş də lazım deyil. Biz istəyirik ki, real danışıqlar aparılsın, proses intensivləşsin. Biz asan məsələlərdən başlaya bilərik. Ola bilsin, yüksək səviyyədə həlli tələb olunan status, dəhliz və ya digər çətin mövzulardan başlamayaq. Lakin digər məsələləri müzakirə edə bilərik. Bunlar telekommunikasiya, infrastruktur və s. ola bilər... Vasitəçilərin rolu ondan ibarətdir ki, prezidentlərin müzakirə edə biləcəyi məsələlər paketini hazırlasınlar. Tərəflər bir-birinə çox yaxındır. Hər iki tərəf münaqişənin həlli üçün 3 prinsip və 6 elementin tətbiqini əsas hesab edir. Təbii ki, bəzi detallar var ki, onların üzərində işimizi davam etdiririk”.
*****
Göründüyü kimi, cənab Uorlik də faktiki, mərhələli həldən danışır və Dağlıq Qarabağın statusunun (taleyinin) qeyri-müəyyən vaxta saxlanmasına işarə vurur. Eyni zamanda problem ətrafında Amerika tərəfdən də konfliktin qismən həllinə, müharibə ehtimalını aradan qaldırmağa yönəlik bir hərəkətliliyin olması qənaəti yaranır. Ancaq Qərbin və Rusiyanın hərəkətliliklərində uzlaşma, ortaqlıq varmı? Sual həm də budur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024