Gündəm / Karusel (7-03-2014, 14:14)
Azərbaycanda son iki ayda 61 nəfər intihar edib
Azərbaycanda bu ilin yanvar və fevral aylarında 61 nəfər özünü oldürüb
Modern.az saytı rəsmi mənbələrin açıqladığı məlumatlara istinadən bildirir ki, bu hadisələrin 36-sı yanvarda, 25-i fevralda qeydə alınıb.
Həyatına qəsd edənlərin 40 nəfəri kişi, 11-i qadın olub. İki ayda 6 nəfər məktəbli və yeniyetmə, 4-ü hərbçi özünü öldürüb. Bu müddətdə 46 nəfər müxtəlif vasitələrlə intihara cəhd edib. Cəhdləri uğursuz nəticələnənlərin 22 nəfəri kişi, 19 nəfəri qadın, 2 nəfəri məktəbli, 2-si hərbçi olub.
2008-ci ildə dünyanın bir çox ölkələrində müşayiət olunan iqtisadi böhran bir çox ölkədə intiharların artması ilə nəticələnib. Bu səbəbdən hətta vaxtilə ciddi bizneslə məşğul olan iş adamları iqtisadi böhranın qurbanına çevriliblər. Azərbaycanda da insanlar borca düşdükləri səbəbindən çıxış yolunu özlərini öldürməkdə görürlər.
Abşeron rayonu, Xırdalan şəhərində 47 yaşlı Emil Əsgərov külli miqdarda borcu olduğu üçün özünü öldürüb. Onun cibindən çıxan məktubdan məlum olub ki, 50 min manat borcunu qaytarmağa imkanı olmayıb.
Sabunçu rayonu, Maştağa qəsəbəsində 50 yaşlı Hacıağa Hüseynov da intihardan sonra cibindən çıxan məktubda külli miqdarda borcu olduğunu və həmin məbləği geri qaytara bilmədiyindən həyatdan bezdiyini yazıb.
Ağdaş rayonu, Ağdaşın Cücük kənd sakini, 45 yaşlı Fariz Vəliyev kənd qəbiristanlığında atasının və nənəsinin məzarları arasında ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü öldürüb. İki uşaq atası olan Fariz Vəliyevin özünə qəsd etməsinin səbəbi kimi də borca düşməsi göstərilib.
Nərimanov rayonunda, “Medistyle” klinikasında Türkiyə vətəndaşı, 47 yaşlı Hakan Karadeniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib. İxtisasca anestezioloq olan Karadenizin Türkiyədə mülk problemi olduğu üçün həyatına qəsd etdiyi ehtimalı irəli sürülüb. Onun hətta külli miqdarda kredit borcu olduğu da bildirilib.
Azərbaycanda məktəbli və yeniyetmə intiharları isə ən ciddi problem olaraq qalır.
Lerik rayonu, Züzüç kənd sakini, 15 yaşlı Cəmil Əliyev özünü asıb. Valideynləri ayrılan məktəbli atası ilə birgə yaşayırmış.
Suraxanı rayonu, Əmircan qəsəbəsində 15 yaşlı Heybət Bağırov anası ilə söhbətində ona doğum günündə maşın almasını xahiş edib. Anası da sözünü yerə salmayaraq yanvarın 10-da ad günündə maşın hədiyyə edəcəyinə söz verib. Həmin söhbətdən bir neçə saat oğlu yataq otağında asılmış vəziyyətdə tapılıb.
İsmayıllı rayonu, Quşəncə kəndində 5-ci sinif şagirdi Vüqar Cəbiyevi anası səhər məktəbə yola salıb, özü bulağa su gətirməyə gedib. Anası bulaqdan qayıdıb tövləyə gedəndə dəhşətli mənzərə ilə üzləşib.
Qusar rayonu, Yasab kənd sakini, 13 yaşlı Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.
Nəsimi rayonunda isə 15 yaşlı Çinarə Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Məktəbli qızın üzərindən anasına yazdığı məktub aşkarlanıb. Ç.Əliyeva məktubda anasını çox sevdiyini yazıb: “Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə”.
Tovuz rayonu, Alakol kəndində 16 yaşlı Kamran Quliyev yaşadığı evin damında özünü asıb. Evin yeganə oğlu olan Kamranın qonşuluqdakı qıza aşiq olduğu, lakin yaşı az olduğu üçün ona evlənməyə icazə verilmədiyi bildirilib. Valideynləri övladlarının oxuyub savad almasını və əsgərlikdən sonra evlənməsini istəyib. Lakin gəncin sevdiyi qıza elçi gəlib. Bu səbəbdən də, gənc oğlan sevgisini itirməkdənsə, həyatını itirməyi üstün tutub.
Bakıda özlərini yandıran Lənkəran rayon sakini, 20 yaşlı Məleykə Bayramlı və 79 yaşlı Şəfiqə Quliyeva xəstəxanaya yerləşdirilsələr də, onların həyatlarını xilas etmək mümkün olmayıb.