Dünya (18-02-2014, 10:55)
“Rusiya Azərbaycandan çox narazıdır”
Rüstəm İbrahimbəyov: “Eldar Namazovun bir tezisi mənim tərəfimdən qəbul oluna bilməz”
Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a müsahibə verib. Onunla Milli Şura ətrafındakı məsələlər, qurumun keçmiş və indiki təmsilçiləri ilə münasibətlər, həmçinin ona doğma olan “Sovetski”də həyata keçiriləcək böyük söküntü işləri və sairdən danışdıq.
Yaradıcılıq işləri ilə əlaqədar bu həftə Gürcüstan paytaxtına gələcəyini deyən kino xadimindən bir sıra məsələlərə münasibətini öyrənmək, həmçinin Tiflisdə nə zaman olacağını dəqiqləşdirmək istədik. Ancaq məlum oldu ki, səfər təxirə salınıb.
- Rüstəm bəy, bu həftə Gürcüstana gələcəyinizi demişdiniz. Səfər tarixi dəqiqləşibmi?
- Yox. Hələ Moskvadayam. Çünki filmin rejissoru Eldar Çegivaya naxoşlayıb, xəstəxanaya düşüb. Tiflis səfərində onunla görüşməliydim. Odur ki, səfərimi bir həftə ləngitməli olacağam. Yeni film çəkirik, mən də ona kömək edirəm.
- Yəqin ki, son günlər Bakıdakı dostlarınızla əlaqə saxlamaq imkanları olub. Milli Şuranın sədri Cəmil Həsənli ilə əlaqə saxlayıb durumu müzakirə edirsinizmi?
- Demək olar ki, hər gün söhbət edirik. Mən bütün işlərin içindəyəm. Fevralın 19-da sessiya olacaq. Orda çox mühüm məsələlər qoyulacaq. Ancaq bu barədə daha dəqiq fikirləri Cəmil müəllim söyləyə bilər.
- Mühüm məsələlər dedikdə nəyi nəzərdə tutursunuz?
- Siyasi dustaqlarla bağlı müzakirələr olacaq.
- Milli Şuradan gedəndən sonra münasibətiniz soyuyan Eldar Namazovla necə, əlaqəniz varmı?
- Yox. Nəsə mənə zəng eləmir. Adətən o zəng edirdi, yaxud məktublaşırdıq. Amma axır vaxtlar zəng eləmir.
- Belə çıxmırmı ki, Cəmil Həsənli ilə Eldar Namazov arasında yaranmış problemlərdən sonra siz Cəmil bəyin mövqeyini dəstəkləyibsiniz?
- İş ondadır ki, bu, xoşagəlməz mübahisələrdir və onları təəssüflə qarşıladım. Çünki onların hər ikisinin Milli Şuranın yaranmasında böyük zəhməti olub. Bunun bünövrəsini Eldar bəylə mən qoymuşdum, sonra Cəmil bəy də bu işləri davam etdirdi. Ona görə onların arasının dəyməsi ümumi işə ziyandır. Xüsusən Eldar Namazovun bir tezisi mənim tərəfimdən qəbul oluna bilməz. Ki, 2013-cü il seçkilərinin nəticələri 1998-2003-cü il seçkilərinin nəticələrindən üstün deyil. Məncə, bu, həqiqətdən uzaq bir tezisdir. Çünki o vaxt vəziyyət başqa cür idi. O vaxt MSK-da yerlərdəki seçki komissiyalarında müxalifət nümayəndələri iştirak edirdi, saxtakarlıq bu miqyasda deyildi. Buna baxmayaraq bir beynəlxalq təşkilat - kim ki, bu problemlərlə məşğul olur və məsuliyyət daşıyır - demədi ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. Bu dəfə ATƏT-in Müşahidə Missiyası açıq-aydın, konkret halda dedi ki, seçkidə 58 faiz saxtakarlıq olub.
“Mən ”Sovetski" sakinlərinin qəhrəmanlıqlarına inanıram..."
- Ancaq buna baxmayaraq, seçki məsələləri artıq geridə qalan proses kimi dəyərləndirilib və beynəlxalq güclərin hakimiyyətlə münasibətləri əvvəlki qaydada davam edir. Hesab etmirsinizmi ki, bu mövzudan danışmaq sadəcə vaxt itkisidir?
- Yox, mən elə düşünmürəm. Hər bir işin uğurlu olması üçün sən əlindən gələni etməlisən. Qalanı səndən asılı olmayan şeylərdir... Deməli, nəticədə nə oldu? Milli Şura həqiqətən də müxalifətin əsas qüvvələrini birləşdirə bildi. Biz seçkiyə hazırlıqlı gəldik, çox çətin vəziyyətdə seçkini demək olar ki, udduq. Çünki seçkiyə cəmi 25 faiz seçici gəlmişdi. Gələnlərin də 60 faizi Cəmil Həsənliyə səs verib, 17 faizi isə prezidentə. Bunlar təsdiq olunmuş faktlardır.
- Ancaq qarşıdakı seçkilərlə bağlı görülməli olan işlər var...
- İcazənizlə davam edim...Deməli, bu, çox mühüm bir hadisə idi. İndi ya Amerika, ya Rusiya, ya Avropa bu faktlara ciddi yanaşsaydı, vəziyyət ayrı cür olardı... Bu vaxtacan Azərbaycan tarixində elə vəziyyət yaranmamışdı ki, seçkilərin 58 faizinin saxtalaşdırılması rəsmən ATƏT tərəfindən elan olunsun. Təəssüf ki, nə Rusiya, nə Amerika, nə Avropa bu fakta lazımi qiymət verdi.
- Ola bilərmi ki, bu mərhələdə siz özünüz də bilmədən Rusiyanın hansısa maraqlarının iştirakçısı oldunuz və nəticədə Moskva qazandı?
- Rusiya nəyi qazandı?
- Məsələn, Putinin Bakı səfəri, Azərbaycanla silah bazarlığı və sair məsələləri nəzərdə tuturam.
- Mənim bu barədə informasiyam yoxdur. Əksinə, mən biləni Rusiya Azərbaycandan çox narazıdır. Siz dediyiniz faktlar xırda şeylərdir. Bunların əsas məqsədi odur ki, Azərbaycan Gömrük İttifaqına girsin. Azərbaycan prezidenti də açıq-aydın deyib ki, nə Avropa ilə saziş bağlayacağam, nə də Gömrük İttifaqı ilə. Deməli, Rusiyanın səyləri puça çıxdı.
- Sizin bilməyərəkdən də olsa, “rus proyekti”nin iştirakçısı olduğunuzu demək olarmı?
- Xeyr! Birmənalı şəkildə. Bunlar uydurma məsələlərdir.
- Siz prezident İlham Əliyevin Gömrük İttifaqı ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, Azərbaycan mütləq Avropa İttifaqının sazişini imzalamalıdır. Yeganə yol budur. Ona görə də deyə bilərəm ki, İlham Əliyev Rusiyaya nə lazımdırsa, onu axıracan etmədi. Bu da Azərbaycan iqtidarı üçün ən əlverişli bir mövqedir. Çünki sərbəstlik imkan verir ki, Azərbaycanda nə cür istəyirlərsə, elə də çıxış edirlər. Mən çox təəccüblənirəm ki, bəziləri - Eldar Namazov da birdən-birə bu adamların sırasına qoşuldu - Milli Şuranın seçkilərdə iştirakına yüksək qiymət vermədilər, nəticənin uğurlu olmadığını dedilər. Bu, düz deyil, kifayət qədər uğurlu nəticə oldu.
- Rüstəm bəy, sizin EL hərəkatından üz çevirdiyiniz barədə məlumat yayılıb.
- Xeyr, bu, düz məlumat deyil. Mən EL hərəkatını dəstəkləmişəm və dəstəkləyirəm.
- Sizin Azərbaycana gəlişiniz nə vaxta qalıb?
- Mənə çatan informasiyalara görə, hələlik gəlməyim məsləhət deyil. Hələ ki gəlişim münasib sayılmır.
- Köhnə bakılı kimi Bakı şəhərində, “Sovetski” məhəlləsində nəzərdə tutulan söküntü işlərini və əhalinin buna reaksiyasını necə qarşılayırsınız?
- “Sovetski” küçəsi çoxdan sökülməli idi. Çünki Bakının gözəl yerində yerləşib, ancaq orda olan evlərin vəziyyəti normal deyil. Mən o məhəllədə böyümüşəm, o məhəlləni çoxdan normal hala salmaq lazım idi. Ancaq belə vəhşicəsinə yox. Orda hər balaca otaqda 10-15 nəfər yaşayır. Onlara bazar qiymətlərinə uyğun pul verməsələr, insafsızlıq olar. Mən inanıram ki, “Sovetski” məhəlləsində əsl kişilər yaşayıb, yaşayır və onlar özlərini müdafiə edəcək. Yadınızdadırsa, mərkəzdə, “Qış bulvarı”nın tikintisi zamanı da camaatın başına çox oyun gətirdilər. Tək-tək çıxışlar olub, amma birləşmiş bir etiraz olmayıb. Mən “Sovetski” sakinlərinin qəhrəmanlıqlarına inanıram və mən də onlarlayam.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024