Dünya (15-03-2014, 09:59)
Rusiyanın 90 ziyalısı Putinə qarşı çıxdı
Rusiyanın doxsan hüquq müdafiəçisi, mədəniyyət xadimi və jurnalisti Krımda baş verənləri müzakirə etmək üçün “ziyalılar konqresi” keçirmək təklifini dəstəkləyiblər.
“Mediatv.az” xəbər verir ki, bu barədə təşəbbüs qrupunun cümə axşamı “Novaya qazeta”nın saytında dərc olunmuş müraciətində deyilir.
“Yaranmış vəziyyətdə hakimiyyətin yeritdiyi siyasətlə razı olmayan ziyalıların rəyi daha aydın və ucadan izhar olunmalıdır”, - müraciətdə deyilir.
Keçiriləcəyi yeri və vaxtı hələ məlum olmayan tədbirə Ukrayna ziyalılarının dəvət olunacağı nəzərdə tutulur.
“Biz onu indi Rusiyada baş verən proseslərə mümkün qədər çox təsir etmək üçün, əgər alınsa, gələn həftə keçirmək istəyirik”, - BBC Rus Xidmətinə təşəbbüsün müəlliflərindən biri, hüquq müdafiəçi Lev Ponomaryov deyib.
Bir neçə saat əvvəl “Novaya qazeta”nın saytında Rusiya ziyalılarının daha bir müharibə əleyhinə bəyanatı çıxıb; sənədi 156 nəfər, o cümlədən, konqresin keçirilməsini dəstəkləyən 10 nəfər imzalayıb.
Eyni zamanda, Ukrayna və Krım məsələsində prezident Vladimir Putinin mövqeyini dəstəkləyən mədəniyyət xadimlərinin açıq məktubunu artıq 390 nəfər imzalayıb.
Konqres təşəbbüsçülərinin yazdığına görə, məqsəd – Putinlə razı olmayan ziyalı nümayəndələrinin mövqeyini israr etmək deyil, həm də, onların fikrincə, Rusiyanı “müşahidə olunan gələcəkdə az-çox ləyaqətli həyatdan” məhrum edəcək vəziyyətdən çıxış yolu tapmaq cəhdidir.
Müraciəti imzalamış 90 nəfər arasında hüquq müdafiəçi Lyudmila Alekseyeva, animasiya rejissoru Qarri Bardin, yazıçılar Andrey Bitov və Lyudmila Uritskaya, aktyorlar Mixail Yefremov və Aleksandr Filippenko, aktrisa Liya Axedjakova, musiqiçi Andrey Makareviç, habelə rejissor Eldar Ryazanov da vardır.
“Rusiya sürətlə, ağır nəticələrinin qabaqcadan təsəvvür edilməsi mümkün olmayan, Qərblə yeni soyuq müharibəyə doğru yuvarlanır. Rusiyanın bütün dövlət KİV-lərindən durmadan yalan və dezinformasiya seli axır”, - müraciətdə deyilir.
Krımın ilhaq edilməsi ilə razılaşmamaq və “təbliğat isteriyasına” son qoymaq tələbi konqresin yekunlarından biri olmalıdır, onun təşəbbüsçüləri hesab edir.
“Bütün razı olmayanlar fərqinə varmadan rüsvay edilir, “beşinci kolonna” və ”faşist” adlandırılır. Razı olmayan isə az deyil. Politoloqların, iqtisadçıların, siyasətlə peşəkarcasına məşğul olan insanların, eləcə də az-çox ictimai sayıqlıq hissi olan adamların Rusiyanı əsl iqtisadi, siyasi, humanitar faciənin gözləməsi haqda xəbərdar etdiklərini görmək üçün senzura altında olmayan KİV-ləri və sosial şəbəkələrdə çoxsaylı mülahizələri oxumaq kifayətdir”, - müraciətin müəllifləri qeyd edir.
Lev Ponomaryovun sözlərinə görə, müraciət müəllifləri Rusiya hakimiyyəti, qismən tanınmış Krım hakimiyyəti və Ukraynanın Kiyevdə yeni hakimiyyəti ilə dialoqda iştirak etməyə hazırdırlar.
Ukrayna ziyalılarından kimin müharibə əleyhinə konqresdə iştirak etmək üçün Rusiyaya gələcəyi hələ məlum deyil. Ponomaryovun sözlərinə görə, tədbir yenicə düşünülüb və onun detalları hələ götür-qoy edilməyib.
Konqres keçirilən vaxtadək Krımda Rusiyaya birləşmək haqqında referendum artıq başa çatmış olsa da, bu hal tədbirin aktuallığını azaltmır, o hesab edir.
“Biz artıq demişik ki, avtomat lülələri altında referendum mümkün deyil. Lakin həyatda belə də olur: Çeçenistanda avtomat lülələri altında belə referendum 2003-cü ildə olub . Biz artıq hətta nəticələri bilirik, lakin bu, o demək deyil ki, Rusiya Krımı öz tərkibinə daxil etməlidir”, - Ponomaryov qeyd edib. ANSPress