Cəmiyyət (2-12-2014, 19:45)
“Şuşanı azad etsək, şikəst canımla küçələrini süpürərəm...” - FOTO
Dekabrın 3-ü - Beynəlxalq Əlillər Günüdür. Görəsən, Əlillər Günündə əlillər necə yaşayır? Azərbaycan məkanında bu suala rəsmi rəqəmlərə müraciət etməklə qismən cavab tapmaq mümkündür. Dövlətimizin əlillərə qayğısı göz qabağındadır. Neçə illərdir ki, bu istiqamətdə müxtəlif dövlət proqramları həyata keçirilir. Evlər tikilir, müəyyən miqdarda təqaüd və müavinətlər ayrılır. Xüsusən Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şikəst olmuş vətəndaşlarımız diqqət mərkəzindədir. Bu günədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobil verilmişdir. Və s. Bütün bunlarla belə hələ də problemlər içində yaşayan əlillər, o cümlədən, sağlamlığını itirmiş, şikəst Qarabağ qaziləri də var.
Əlillər günündə bir Qarabağ əlilinin günü ilə tanış olmaq üçün üz tutduq Pirşağı qəsəbəsinə. “Qızıl qum” sanatoriyasında Şuşadan qaçqın kimi məskunlaşmış Qarabağ döyüşçüsü, I qrup əlil, istefada olan polis kapitanı Şünasi Babayevlə öz gücünə çörəkpulu çıxarmaq, borclarını ödəmək üçün güc-bəla ilə ərsəyə gətirdiyi “Vətən-market”də görüşdük. Təəssüf ki, Vətən uğrunda vuruşaraq şikəst olmuş bu vətəndaşın kiçik dükanını belə Vətənimizin nemətləri ilə doldurmağa imkanı yoxdur... Amma Şünasi bəy xeyirxah qonşularından razılıq edir: “Çoxları gündəlik ərzağı başqa mağazalardan deyil, məhz bizim dükandan alır ki, az da olsa, kömək olsun...”.
Vaxtilə erməni təcavüzkarlarına qarşı savaşmaq həvəsi ilə Şuşanın dağlarına sığışmayan Şünasi indi 5 nəfərlik ailəsi ilə sanatoriya binasındakı iki darısqal otağa sığınıb. Otaqlarda istilik problemdir, qaz yoxdur. İşıq zəif verildiyindən sınıq-salxaq elektrik sobası da yaxşı qızdırmır. Şünasi şikəst ayağı ilə yenə də qonaqpərvərliyindən əl çəkmir. Xanımı mağazada onun yerində qaldığından özü çay təklif edir. Əl-üz yuyulan yerə yaxınlaşan kimi divardan asılmış kiçik su çəni diqqətimi cəlb edir - krantı yerindən çıxıb. Şünasi deyir ki, iki aydır onu düzəltdirməyə imkanım yoxdur. Su gəlməyəndə qabla su töküb, yuyunurlar...
Qarabağ əlilinin banklara 50 min manata yaxın borcu var...
1992-ci il martın 29-da - Şuşanın işğalından təxminən 40 gün öncə Qaybalı postunun rəisi olan kapitan Şünasi Babayev işlə əlaqədar Şuşaya polis şəbəsinə gəlir. Bu zaman ermənilər şöbəni “qrad”la ardıcıl atəşə tuturlar və Şünasi ağır yaralanır. “Qrad” mərmisinin qəlpələri onun daban nahiyəsini qoparır və yuxarı nahiyələrə də zədə vurur. Uzun müddət Bakıda Travmotologiya xəstəxanasında müalicə olunur. Ağır əməliyyata ehtiyacı olduğu və ayağında çürümə getdiyi üçün 1992-ci ildə DİN-in ayırdığı maliyyə hesabına Ukraynaya göndərilir. Daha sonra 1994-cü ildə dövlət hesabına Almaniyada əməliyyat və müalicə olunur. Lakin davamlı olaraq mikrocərrahiyyə əməliyyatlarına və müalicəyə ehtiyacı olduğundan 1997-1998-ci illərdə Ukrayna, Türkiyə və Almaniyaya öz hesabına yollanmalı olur. Cəmi 22 dəfə əməliyyat olunur... Elə banklardan, lombardlardan və ayrı-ayrı adamlardan sələmə pul götürməyə də o vaxtdan məcbur olur. İllər boyu yığılan borclar 50 min manata çatır... Banklar isə keçmiş Qarabağ döyüşçüsünü, bacılarını və qohumlarını “hədəfə” götürür...
«Yaxşı ki, Allaha inamım var... Həmişə demişəm ki, birinci Allah, sonra qəbri Şuşada qalmış rəhmətlik atam olub. Namaz qılmasam da, son 8-9 ayı gecə-gündüz Allaha yalvarıram. Birdən gecə dalbadal 4 saata yaxın oturub Allaha yalvarıram, dualar edirəm... Bu yalvarışlardan sonra sanki banklar bir az sakitləşiblər. Amma hər an, bax, bu dəqiqə sizinlə söhbət edə-edə ürəyim narahatdır. Banklar sakitləşsə də, indi məhkəmələr başlayıb, hələ yoldaşım, bacılarımı demirəm, digər qohum-əqrəbanı da mənə görə məhkəmələr incidir. Borclarım 50 min manat civarındadır. Ünvanladığım məktub və teleqramlardan sonra mənimlə ilk maraqlanan Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü, deputat Rövşən Rzayev oldu. Məni mehriban qəbul edib, problemlərimlə ətraflı tanış oldu. Dedi ki, oğlun əsgərlikdən qayıtsın, kömək edərəm, bir işə düzəldərsən. Heç oğlum Elçibəy gələndən sonra da getmədik. Çünki gələn kimi başladıq onu ağır tikinti işlərinə qovmağa ki, evə pul gətirsin. Bir yana getməyə də qorxur ki, birdən o iş də əlindən çıxar. Digər böyük oğlum Cümşüd bölgələrdən birində ordumuzun zabitidir, tağım komandiridir. O da maaşının bir hissəsini ev kirayəsinə verir. Qalanını isə mənə göndərir. Qızım isə kollecdə oxuyur... Xocalı-Şuşa dairəsi üzrə deputat Elman Məmmədov da mənimlə maraqlanmışdı.
“Bayram Səfərov mənə kömək edəcəyinə söz verib...”
Dostlarım: Döyüşçü-jurnalist Rey Kərimoğlu və Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudun Məmmədovun Allah köməkləri olsun. Bu günə kimi hələlik həyatda qalmağımın səbəbi onlar, digər etibarlı dostlarım və qonşulardır... Onlar bu ilin yanvarında Bayram müəllimlə görüşdülər. Sonra o, özü də məni bir neçə dəfə qəbul edib. Hər dəfə də söz verib ki, sənə kömək olunacaq. Amma hələ ki, artıq bir ilə yaxındır, konkret nəticə yoxdur. Mən də bu barədə banklara da demişəm ki, Qarabağ icmasının rəhbəri və Şuşa icra başçısı kömək edəcək, pulu ödəyəcəm. Amma aylar keçdikcə onlar deyirlər ki, sən bizi aldadırsan. Və işi məhkəməyə verməklə hədələyirlər».
Daşaltıda erməni quldurlarının həbsi ilə nəticələnən birinci uğurlu əmliyyatda iştirakından danışan Şünasi bugünkü “düşmənləri”ndən də söz açır: “Bu dəqiqə mənim ən böyük düşmənim telefondur. “Qrad” partlayışından qorxmayan bir oğul indi telefon zəngindən qorxur. Hər dəfə qorxuram ki, görəsən, hansı bankdır, hansı borc yiyəsidir, hansı məhkəmədir. Yaxşı ki, qonşum, döyüş yoldaşım Ələmşah, vəkil Yavər Hüseyn mənə ürək yandırırlar. Təəssüf ki, onların da kömək üçün imkanları yoxdur. Təsəvvür edirsiniz, məhkəmə icraçıları arasında da mənim problemlərimə görə ağlayanlar da olur.
Böyük çətinliklə bir dükan açdım, adını “Vətən-market” qoydum. Uşaqlarım balaca idi, xanımım da çatdıra bilmirdi. Özüm də əsəbi olduğumdan və banklardan iki dəqiqədən bir gələn zənglərin ucbatından işləyə bilmədimdən satıcı qoymağa məcbur oldum. Satıcılar da məni aldatdığından və ərzaq almağa pul olmadığından dükanı bağladım. 7 ay bağlı qaldıqdan sonra 10 gün olar ki, birtəhər mağazanı yenidən açmışam... Amma vəziyyət gün-gündən ağırlaşır. Əvvəllər ayda 2000-3000 manat ödəyirdim. İndi hardasa 1500-2000 manat ödəyə bilirəm.
Vaxtilə uşaq vaxtı Şuşada küçə süpürənləri görəndə lağ edirdik. İndi düşünürəm ki, kaş Şuşanı azad edəydik, bu şikəst canımla gedib Şuşanın küçələrini süpürüb, pul qazanardım.»
“Şuşalı milyarderlərdən biri qəzəblə dedi ki...”
Şuşanın ən varlı, milyarder adamlarından biri, Bakıda bir neçə şadlıq evinin sahibi olan, Şuşada atamla yaxın olmuş bir adamın yanına getdim. Məni qəbul etdi, vəziyyətimi danışdım. Dedim ki, elə bilin, rəhmətlik atam yanınıza gəlib. Nə təhər “ağlamağa” başladısa... Dedi, xarici ölkələrdən birində neçə milyona filan obyekti borc edib, açdırmışam. İndi də imkanım yoxdur. Özüm 1 mln. dollar başqa bir şuşalıdan borc almışam. Təsəvvür edin ki, oturduğumuz yerdə qəflətən mənə çox böyük hörmətsizlik edərək, durub getdi qapıya tərəf. Dedim, zəhmət olmasa, dayanın, mən sizdən elə 50 min manat istəmirəm, gücünüz nəyə çatır, onu verin. Bu dəfə daha da qəzəblənib qışqırdı ki, əşşi, sənə dedim, imkan yoxdur da, çıx get...»
Dərdlərinin çoxluğundan, əsəbilikdən keçmiş əlil döyüşçünün nitqi dolaşır, rabitəsiz, təkrar-təkrar eyni şeyləri danışır: “...Qonşularım, dostlarım, qohumlarım əqidəmə, təmizliyimə görə mənə çox hörmət edirlər. Deyirlər ki, Şuşada da, qaçqınlığın ilk illərində də sən bizə çox köməkliklər etmisən. Bilirsiz, məni ən çox nə ağrıdır? Əvvəldən elə fırıldaqçı, dələduz olsaydım, yəqin bu gün özümü arsızlığa qoyub yaşayardım. Yəqin mən elə düzlüyümə görə zülm çəkirəm...”.
Sonda I qrup Qarabağ əlili Şünasi Cümşüd oğlu Babayevin adına açılmış hesab nömrəsini bu məhərrəmlik dönəmində xeyirxah iş görüb savab qazanmaq istəyənlərin nəzərinə çatdırırıq:
Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı: AZ93IBAZ33881019443166676216
Sultan Laçın