Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib.

Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər.

Tapşırıqda qeyd olunub ki, sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.