Cəmiyyət (9-12-2019, 11:12)
Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıldı
Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
Onun sözlərinə görə, araşdırmalar yalnız Komitə tərəfindən deyil, eyni zamanda, hüquq-mühafizə orqanları ilə birgə aparılır:
“İki azyaşlının ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları faktı ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmaların sonunda ortaya çıxan məqamlar əsasında mövcud vəziyyətlə bağlı hansı tədbirlərin görüləcəyinə qərar veriləcək.
Amma onu deyim ki, uşaqların işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, bu məsələ valideyn hüquqlarının məhrum edilməsinə qədər gedib çıxa bilər. Hətta nəinki valideyn hüququnun əllərindən alınması, araşdırmanın nəticələrindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.
Ümumiyyətlə uşaqların nəinki valideynləri, qohumları, heç bir şəxs və ya şəxslər tərəfindən fiziki, psixoloji və ya hər hansı başqa zorakılıq növlərinə məruz qalmaları yolverilməzdir”.
E.Səfərov qeyd edib ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon İcra Hakimiyyətində monitorinq komissiyası yaradılıb və araşdırma davam etdiyi müddətdə Dövlət Komitəsi ilə informasiya mübadiləsi aparılır:
“Bu məsələdə Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Bütün hallarda ilk növbədə uşaqların maraqları nəzərə alınmalıdır. Sadəcə olaraq, biz yekun məlumat vermək üçün mütləq şəkildə hüquq-müafizə orqanları ilə birgə aparılan araşdırmaların nəticələrini gözləməliyik.
Fərqi yoxdur, ata-ana ögeydir, yoxsa doğma, əgər həmin şəxslərə valideynlik hüququ verilibsə, onlar bu hüquqdan sui-istifadə edə, uşaqlara qarşı laqeyd münasibət sərgiləyib, zorakılıq edə bilməz.
Qanunla həmin şəxslər fiziki zorakılıq törədiyi və himayəsində olan uşağa laqeyd münasibət göstərdiyi üçün məhkəmə qərarına əsasən, öz hüquqlarını itirir. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Gün ərzində məsələ ilə bağlı yeniliklər olarsa, biz məsələ ilə bağlı hansı tədbirlərin görüləcəyi barədə məlumat verəcəyik.
Uşaqların təhlükəsizliyi baxımından hazırda onların harada saxlanıldığı barədə məlumat vermirik. Çünki ilk növbədə biz uşaqların maraqlarının müdafiəsinə çalışırıq. Ola bilər ki, qohumları onlara psixoloji təzyiq göstərə bilər”.
Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb.
İddia edilir ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra isə uşaqların ögey anaları tərəfindən dəfələrlə döyülüb, işgəncələrə məruz qalmaları iddia edilir.