Cəmiyyət (6-10-2017, 09:29)
Evi hotel adı ilə elan verib, müştəriləri aldadır
Məşhur rezervasiya saytlarının birində “'Ganja Comfort İnn” hotelinin elanı yerləşdirilib. Gəncəyə getmək üzrə olan Kənan Musayev də elanı görüb bron etmək qərarına gəlib.
Mediatv.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, elanda yazılan ünvana yollanan Kənan Musayev mənzil başına çatdıqda gözlərinə inana bilməyib. Hotelin yerində çoxmənzilli yaşayış binası görüb.
Əslində məşhur otelin günlük rezervasiya qiymətinin 35 manat olması Kənan Musayevi şübhələndirib. Ona görə də o, ödənişli bron etməyib. Yazılan nömrələrə zəng etməklə kifayətlənib. Ev sahibinin cavabı onu daha çox təəccübləndirib.
Müsahibə vermək istəməyən ev sahibi mənzili ayda 3-4 dəfə kirayə verdiyini deyib. Bu vaxta qədər isə heç bir müştərisinin ondan narazı qalmadığını söyləyən ev sahibi, bütün cəhdlərə baxmayaraq, sayta hotel adı ilə niyə elan yerləşdirdiyinin səbəbini demədi.
Onu da qeyd edək ki, Gəncədə sözügedən adda hotel yoxdur. Müştərinin problemlə üzləşdiyini görən ev sahibi isə elanı hələ də saytdan götürməyib. Azərbaycana gələn turistlərin sayının hər ötən gün artığını nəzərə alsaq, bu halın ölkənin imicinə xələl gətirdiyini rahatlıqla demək olar.
