Cəmiyyət / Sağlamlıq (7-09-2017, 15:30)
Baş toksikoloq: Sirkə turşusundan zəhərlənmələrin 40%-i intihar məqsədilə törədilir
Azərbaycanda sirkə turşusundan zəhərlənmələrin 40%-i özünəqəsd məqsədilə törədilir.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, digər zəhərlənmə halları affekt - kimisə qorxutmaq, nəyəsə nail olmaq məqsədilə baş verib.
A. Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənmə halları, əsasən, 25-40 yaş arası və 60 yaşdan yuxarı insanlarda qeydə alınır. O, bu il sirkə turşusundan baş verən 111 zəhərlənmə halından 2-nin ölümlə nəticələndiyini deyib.
Baş toksikoloq əlavə edib ki, il ərzində təxminən 100-140 uşaq dərmanın allergik təsirindən zəhərlənir.
Onun sözlərinə görə, azyaşlı uşaqlar çox vaxt evdə nəzarətsiz qaldıqda dərmanlardan istifadə edir, nəticədə zəhərlənmə baş verir: “Dərmanlar rəngbərəng və şirin olduğundan uşaqları cəlb edir. Dərmanların allergik təsirindən bəzən uşaqlar arasında ölüm halı da baş verir. İl ərzində dərmanlardan zəhərlənmə nəticəsində 1-2 ölüm faktı qeydə alınır”