Cəmiyyət (31-07-2017, 12:47)
Qobustanda ev quşları kütləvi şəkildə tələf olur
Qobustanda bir ailənin təsərrüfatında ev quşları kütləvi şəkildə tələf olur. Belə ki, son bir həftə ərzində eyni təsərrüfatda 400-dən çox ev quşu ölüb.
Mediatv.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, rayonun Sündü kənd sakini Səxavət Məmmədov deyir ki, ev quşlarında halsızlıq, şişmə və iştahsızlıq kimi ilkin əlamətlər müşahidə olunub.
Sonra xəstəlik bütün ev quşları arasında yayılıb və onlar kütləvi şəkildə ölməyə başlayıblar. Təsərrüfat sahibi xəstə toyuqlardan bir neçəsini baytar həkimə göstərib. Onların məsləhət bildiyi dərmanlardan istifadə etsə də, toyuq-cücə daha çox tələf olmağa başlayıb.
Növbəti müraciətdən sonra baytar həkimləri toyuqlarda qurd xəstəliyinin olduğunu bildiriblər. Təsərrüfat sahibi yenidən dərmanlar alıb istifadə etsə də, ölüm halının qarşısı alınmayıb. Ailə baytar həkimlərin səriştəsizliyindən şikayət edir.
Həkimlər isə toyuqlarda qurd xəstəliyinin olduğunu, lakin müraciətin vaxtından gec edildiyini bildirirlər. Bununla belə, xəstəliyin tam təsdiqlənməsi üçün nümunələr laboratoriyaya göndərilib.
