Cəmiyyət / Slayd (26-12-2016, 16:15)
İBRAHİMOVLAR DEPUTATA DA “ATIB”
Mediatv.az: Milli Məclisin üzvü İqbal Məmmədovun vətəndaşı döyməsi barədə olayın Gununsesi.info tərəfindən işıqlandırılması ölkədə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə minlərlə insan millət vəkilini sərt ifadələrlə tənqid edib.
Xatırladaq ki, olay Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında baş verib. Belə ki, həmin ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olan deputat orada mənzilinin olduğunu iddia edərək, həmin mənzil üçün qapı gətirdiyini bildirib. Lakin mühafizəçinin onun qarşısını kəsməsi və mübahisəli məzilə görə icraçı direktoru gözləməyə dəvət etməsi sonda onun özünün deputat tərəfindən döyülməsinə səbəb olub.
Gununsesi.info deputat İqbal Məmmədovun yaratdığı qalmaqalın təfərrüatlarını öyrənib.
Araşdırmamız zamanı problemin səbəbkarı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Sahib İbrahimovun olduğu bəlli olub. Belə ki, Sahib İbrahimov bir neçə il əvvəl “Karl Marks” adlandırılan ərazidə yüksək mərtəbəli bina inşa etdirib. Sonradan uçurulan həmin bina İbrahimov qardaşlarına məxsus “STS” adlı şirkət tərəfindən inşa olunub. Kərpic müqabilində Sahib İbrahimov deputat İqbal Məmmədova həmin binadan mənzil verib.
Xatırladaq ki, uçurulandan sonra oradan mənzil alan bir çox şəxslər Sahib İbrahimov tərəfindən aldadıldıqlarını, yeni mənzillə təmin olunmadıqları barədə müxtəlif ünvanlara şikayətlər etmişdi.
Deputat İqbal Məmmədova da “atan” Sahib İbrahimov ona Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında mənzil verəcəyinə dair vəd verib. Baxmayaraq ki, bu ünvanda binanı Sahib İbrahimova heç bir aidiyyatı olmayan “Sahil-D” Company inşa edib.
Sahib İbrahimovla deputat arasındakı qalmaqal isə DİN rəhbəri Ramil Usubova qədər gedib çıxıb. Deputat Sahib İbrahimov tərəfindən aldadılması barədə Ramil Usubova şikayət edib. Öz növbəsində isə DİN rəhbəri millət vəklinə yazdığı cavab məktubunda bu məsələlərlə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində cinayət işi olduğunu yazıb.
Bununla da məlum olub ki, Sahib İbrahimov barəsində cinayət işi açılıb.
Xatırladaq ki, Sahib İbrahimov bu yaxınlarda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı. Buna səbəb onun 1.5 milyon manat dövlətə olan vergi borcunu ödəməməsi idi. Ancaq sonradan “yuxarıdan” gələn zənglə azad edilən iş adamı vergi borcunu ödəyəcəyinə dair öhdəliyə də imza atıb.
Ümumiyyətlə, Sahib İbrahimov Azərbaycanda ən qalmaqallı, adı müxtəlif maxinasiyalarda hallanan şəxslərdən biri kimi tanınır.
Onun digər qardaşı Hacı İbrahim Nehrəmli isə Beynəlxalq Banka olan külli miqdarda borcuyla gündəmə gəlmişdi.