Cəmiyyət (17-06-2016, 13:49)
Erkin Qədirlini ölkədən çıxmağa qoymadılar və qadağanı götürdülər
ReAL hərəkatının liderlərindən olan Erkin Qədirli bu gün xaricə gedərkən saxlanılıb və ona ölkədən çıxışının yasaqlandığı bildirilib.
Mediatv.az xəbər verir ki, bu barədə E.Qədirli özü sosial şəbəkədəki səhifəsində status yazıb.
E.Qədirli başına gələn hadisəni bu cür təsvir edib:”Bu səhər Türkiyə’yə gedəcəkdim (istirahətə). Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən “Ləğv olundu” vurdular və məni geri qaytardılar.
Qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilmədim. Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanlarıyla problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb. Sərhədçilərdən biri, qadağanın “mənim xariclə əlaqələrimə görə” kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gumanı söylədi.
Görünür, bu qadağa “Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş ReAl’ın flayerləriylə bağlıdır. Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş. AZAL’ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim. İşimiz var”.
Bir sonrakı açıqlamasında isə E.Qədirli ölkədən buraxılmaması probleminin aradan qalxdığını bildirib. “Məni çağırmışdılar Bakı Şəhər Baş Polis İdarəsinə. İndicə oradan qayıtdım. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib. “ReAl”ın flayerlərilə bağlı mənə, Altay Göyüşova, Natiq Cəfərliyə, Azər Qasımlıya və Xalid Bağırova belə qadağa qoyulmuşdu. Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”.