Cəmiyyət (14-06-2016, 11:15)
Ucarda direktor müaviniylə bacara bilməyib, camaatın yolunu bağladılar-FOTO
Lək kəndinin sakinləri əkin sahələrinə getmək üçün qıfıllı qapıdan keçmək məcburiyyətində qalıblar
Mediatv.az xəbər verir ki, Ucar rayonunun Lək kəndində qəribə vəziyyət yaranıb. JAM.AZ-a müraciət edən rayon sakinləri Vaqif Abdullayev və Qorxmaz Səlimovun bildirdiyinə görə, Lək kənd 1 saylı orta məktəbin təlim-tərbiyyə işləri üzrə müavini Əli Qasımovun öhdəsindən gələ bilmirlər. Elə bu səbəbdən də hala-hümbət əkin sahələrinə min bir müsibətlə getmək məcburiyyətində qalıblar.
Belə ki, Lək və qonşu Qazyan kənd sakinlərinə aqrar silahatlar zamanı verilmiş 350 hektar torpaq sahəsinə getmək üçün cəmi bir yol var. «Həmin yolu da Qazyan bələdiyyəsi və icra nümayəndəsi qanunsuz olaraq bağlayıblar. Səbəb kimi isə Lək kənd 1 saylı orta məktəbin direktor müavini Əli Qasımovun mal-qarasının camaatın əkin sahəsinə girməsi və oranı yararsız hala salmasını göstərirlər».
JAM.AZ-a danışan rayon sakinləri deyirlər ki, Qazyanın bələdiyyə sədri və icra nümayəndəsi açıq şəkildə deyirlər ki, onlar Əli Qasımovun öhdəsindən gələ bilmirlər. Bu səbəbdən də əkin sahələrinə gedən yolu bağlayıb, dəmirdən darvaza qoyublar. Üzərinə isə yekə bir qıfıl vurublar.
Camaat deyir ki, məsələ ilə bağlı sahə müvəkkilinə də şikayət ediblər, amma nəticəsi olmayıb. «Məcburiyyət qarşısında qalıb təhsil naziri Mikayıl Cabbarova müraciət etmişik ki, Əli Qasımovu təlim-tərbiyyə işləri üzrə müavin təyin etməkdənsə, onun özünə bir az tərbiyyə vermək lazımdır. Bəlkə, bundan sonra o, öz mal-qarasını camaatın əkin sahəsinə buraxmaz».