Cəmiyyət (13-06-2016, 11:37)
«Clear» və «İron»un sahibi ölkədən qaçıb?
MTN-dəki dəstəylə əməkdaşlıq etməsi Fikrət Feyziyevi xəstəxanalıq edib, Almaniyada ürəyindən əməliyyat olunan hotel sahibinin geri dönmək niyyətinin olmadığı bildirilir
Mediatv.az: Azərbaycanda fəaliyyət göstərən bir çox hotellərin MTN-dəki cinayətkar dəstə ilə əməkdaşlıq etdiyi barədə məlumat vermişdik. Hətta bu yaxınlarda həmin dəstənin əsas fiqurlarından biri sayılan, hazırda həbsdə olan, Anti Terror Mərkəzinin rəisi Elçin Quliyevin hər ay bir çox hotellərdən haqq aldığına dair bilgiləri yayımlamışdıq.
JAM.AZ xəbər verir ki, həmin hotellər sırasında «Clear» və «İron» hotellər də olub. Dəqiqləşdirilmiş məlumata əsasən, MTN generalı hər ay bu hotellərin sahiblərindən 1000 manat pul alıb. Bundan əlavə isə Akif Çovdarovun təkidi ilə həmin hotellərə gizli kamera yerləşdirilib. Bunun sayəsində isə xeyli sayda imkanlı adamın övladı, hətta məmurlar MTN-in «toru»na düşüblər. Onların intim görüntüləri gizli şəkildə çəkilərək, şantaj vasitəsi olaraq özlərinə qarşı istifadə olunub.
Gələn xəbərlərə görə, «Clear» və «İron»un sahibi iki qardaşdır. Onlardan biri Fikrət Feyziyev, digəri isə Fərhad Feyziyevdir. JAM.AZ xəbər verir ki, ölkədə qadın alveri sahəsində ad çıxarmış bu şəxslərin MTN-lə də əlaqələrinin aşkarlanması bir xeyli bizneslərinə təsir edib. Xüsusən də imkanlı müştərilər artıq qorxularından hotelə gəlmirlər. Ona görə ki, hoteldə gizli şəkildə çəkilişin aparıldığından şübhə edirlər.
Bundan əlavə isə Fikrət Feyziyevin oğlanları Elvin və İslamın bahalı avtomobillərinin fotolarının yayılması isə işləri daha da korlayıb. İstintaq qısa müddətdə bu qədər maddi imkana sahib olmasını müəyyənləşdirməyə çalışıb. Ortaya nələrin çıxdığı isə hələlik açıqlanmır. Amma bəlli olan odur ki, «Clear» və «İron»un sahibi Fikrət Feyziyevin baş verənlərə ürəyi dözməyib. Nəticədə, ağır vəziyyətdə Almaniyaya aparılıb. JAM.AZ-a verilən məlumata görə, Almaniyadakı məşhur klinikalardan birində ürəyindən əməliyyat olunan Feyziyevin nə zaman Bakıya dönəcəyi bəlli deyil. Bəzi iddialara görə isə onun ümumiyyətlə, ölkəyə dönmək niyyətinin olmadığı deyilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.