Karusel (4-05-2015, 20:26)
Biznesmen-deputat ölkədən qaçıb?- 1,2 MİLYARDLIQ MAXİNASİYA
İddialara görə, «Nurgun Motors» və «Avromed»in sahibi Cavanşir Feyziyev həbs oluna biləcəyini görərək Azərbaycanı tərk edib
Bir neçə gündür «Nurgün Motors» şirkəti ətrafında qalmaqallı olaylar yaşanır. DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şirkətin avtosalonlarında əməliyyat keçirdikləri, 18 nəfərə yaxın şəxsin həbs olunduğu bildirilirdi. Həmin məlumatlarda şirkətin rəhbəri Nuru Əliyevin olduğu və onun vergidən yayındığı da qeyd olunurdu.
JAM.AZ xəbər verir ki, TİA.AZ-ın araşdırmaları zamanı isə ortaya olduqca ilginc məlumatlar çıxıb. Məlum olub ki, «Nurgün Motors»un real sahibi heç də Nuru Əliyev olmayıb. Daha doğrusu, bir xeyli əvvəl şirkət Nuru Əliyevdən alınaraq, deputat, «Avromed» dərman firmasının rəhbəri Cavanşir Feyziyevə məxsus olub. Nuru Əliyevi isə izi itirmək üçün baş direktor təyin ediblər. Məlumatlarda vurğulanır ki, «Nurgün Motors»da əməliyyatların keçirilməsi və bağlanılması üçün atılan addımlar isə heç də birbaşa şirkətdə baş verənlərdən qaynaqlanmır.
Daxil olan məlumata görə, şirkət ətrafında yaşananlar birbaşa Cavanşir Feyziyevin konkret atdığı addımla bağlıdır. Məlumatlarda iddia edilir ki, Feyziyev manatın devalivasiyasından əvvəl məsələdən xəbərdar olub. Və təkcə özünün deyil, həmçinin iş dünyasındakı bir çox dostlarından pul toplayaraq, onu dollara çevirib. İddialara görə, bu zaman dollara çevrilmiş manatların ümumi dəyəri 1,2 milyard dollar təşkil edib. Və həmin vaxt Milli Bank maliyyə bazarındakı «qara dəlik»ləri axtaran zaman ilk olaraq deputat-biznesmenin üzərinə gəlib çıxıb. Həmin dönəmdə ikinci «qara dəlik» kimi isə Beynəlxalq Bankın sabiq prezidenti Cavanşir Hacıyevin əməliyyatlarını aydınlaşdırıblar.
TİA.AZ-a verilən məlumatda deyilir ki, Cavanşir Feyziyevin bu hərəkətindən bir müddət sonra xəbər tutulub. Və bu barədə ölkə rəhbərliyinə konkret faktlardan ibarət məlumatlar təqdim olunub. Durumunun ağırlaşdığını görən deputat-biznesmen isə təcili olaraq ölkəni tərk edib və hazırda onun xarici ölkələrdən birində qərarlaşdığı deyilir. Bildirilir ki, Feyziyevin ölkəyə qayıtmaq fikri yoxdur. Ona görə ki, həbs olunma təhlükəsi var.
Bu əsnada o da məlum olub ki, Cavanşir Feyziyevin təkcə bir biznes sahəsinə deyil, digərlərinə də hücumlar başlayıb. İddialara görə, «Avromed» dərman şirkəti də yaxın vaxtlarda deputatdan alınaraq, başqasına veriləcək. Bundan başqa, onun daha bir neçə iri biznes layihələrindən kənarlaşdırılacağı gözlənilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.