Cəmiyyət (10-06-2016, 11:55)
“Həsənoğlu“ müştərilərə kələk gəlir
Son dövrlər "Həsənoğlu" mebel mağazası ilə bağlı şikayətlərin sayı artır.
Mediatv.az xəbər verir ki, redaksiyamıza daxil olan şikayət məktublarından görünür ki, narazılığa səbəb olan əsas məqam sifarişlərin yerinə yetirilməsi və çatırdırılması ilə bağlıdır. Mebel istehsalı, çatdırılması və quraşdırılması ilə məşğul olan firmada sifarişlərin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər var.
Şikayətçilər bildirir ki, "Həsənoğlu" mebel mağazasına verdikləri sifarişlər təqdim etdikləri dizaynda hazırlanmır. Belə ki, müştəri bir dizayn verir, mağaza ona tamam başqa dizaynda mebel təqdim edir. Bu zaman müştərilərlə mağaza arasında problemlər yaranır.
Sifarişçi sifariş verdiyi dizaynın sürətini tələb edəndə də, mağazanın menecerləri heç bir səbəb göstərmədən onu təqdim etməkdən imtina edirlər. Başqa bir problem isə çatdırılma ilə bağlıdır. Müştəri sifarişi verən zaman mağaza çatdırılma üçün konkret vaxt göstərir. Amma sonradan müxtəlif bəhanələrlə vaxtı uzadır, müştərilərin hüquqlarını pozur.
Yeri gəlmişkən, "Həsənoğlu" mebel mağazaları "Gülən camaatına" yaxınlığı ilə tanınır. Vaxtı ilə ölkəmizdə fəaliyyət göstərən Fətullah Gülənə məxsus litseyləri mebellə məhz bu firma təmin edib. Məlumatlı mənbələrin sözlərinə görə, "xidmət hərakatı"nın xidmətçilərindən olan mağaza rəhbərliyi bütün litseyləri pulsuz mebellə təmin edib.
Həmçinin şirkətin dövlət idarələrinin keçirdiyi tenderləri müəmmalı şəkildə qazanması ilə bağlı informasiyalar da var. Məsələn, "Azərkosmos" ASC-nin və Dövlət Gömrük Komitəsinin keçirdiyi tenderləri məhz "Həsənoğlu" MMC qazanıb. Firma rəhbərinin fövqəladə hallar naziri Kamaləddin Heydərovla sinif yoldaşı olduğu və dövlət idarələrində də onun adından istifadə edərək tenderləri qazandığı bildirilir.
Arqument.az