Cəmiyyət (9-06-2016, 15:46)
Bu il 14 ana doğuş zamanı ölüb - Günahkar kimdir?
Son günlər doğuş zamanı ana ölümlərinin artması cəmiyyəti ciddi narahat etməyə başlayıb. Demək olar ki, hər həftə ana ölümləri haqda xəbərlərə rast gəlmək mümkündür.
Mediatv.az xəbər verir ki, rəsmi məlumatlarda isə ana ölümlərinin artmadığı, əksinə əvvəlki illərlə müqayisədə azadlığı qeyd edilir.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova azvision.az-a açıqlamasında respublika üzrə ana ölümləri hallarının xeyli azaldığını bildirib.
Onun sözlərinə görə, bu gün istənilən kritik vəziyyətdə olan ananı xilas etmək üçün lazımi şərait mövcuddur: “Media məlumatları elə şişirdir ki, insanlarda ana ölümlərinin çox olması barədə təəssrüat yaranır. Bununla bağlı ölkənin 3 müəssisəsi ayın müəyyən günlərində növbətçilik sistemi ilə çalışır.
Məsələn, hər ayın ilk həftəsi Perinatal Mərkəzin növbətçilik günüdür. Bakı şəhəri və Respublikanın hər hansı yerində yarımçıq körpə doğulduqda həkim briqadası və tibb bacıları onlara baş çəkirlər. Bizdən sonrakı 7 gündə Pediatriya İnstitutunun həkimləri, digər 7 gündə isə Ginekologiya İnstitutunun neontoloqları yardım göstərirlər. Ayın elə bir günü yoxdur ki, növbətçi olmasın. Bu addımların nəticəsidir ki, uşaq ölümlərinin sayı azalıb”.
S.Məmmədova bu günə qədər ölkədə baş verən bütün ana ölümlərinin araşdırıldığını bildirib: “Son 10 gündə iki ana ölümü halı olub. Bunlardan biri Gəncədə olub. Dünyasını dəyişən ana üç aylıq hamilə olub. Həmin şəxs uşaqlıqdan kənar hamiləlik partladığı üçün qanxamadan ölüb. Digər ölüm halı isə Qubada qeydə alınıb. İndiyə qədər ölkədə baş verən bütün ana ölümlərinin təhlilləri aparılıb və Sadəcə son iki ana ölümünün də səbəbi araşdırılır”.
Komissiyanın direktoru bildirib ki, 2016-ci ilin əvvəlindən bu günə qədər 14 ana ölümü hadisəsi baş verib: “Bu rəqəmlərə son iki ana ölümü də daxildir. Ana ölümlərində həkimlərdən çox valideynlərin günahı var. Məsələn, ağciyər vərəmindən ana ölümü baş verib. Valideyn xəstə və vərəm keçirən qızını ərə verib. Vərəmli qız hamilə qalıb, onun xəstəliyi 9 ay həkimdən gizlədilib və sonda ciyər öz funksiyasını itib. Belə halda olub ki, ata aptek müdiri olduğu üçün qızın həkimə getməsinə mane olub, özü müalicə etməyə çalışıb. Sonda həmin şəxs kəskin ağciyər çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq ağciyər, tənəffüs pozğunluğundan dünyasını dəyişib.
Başqa bir hadisə: qadının illərboyu genetik qan laxtalanması problemi var, yəni qan laxtalanması tamamilə yox səviyyəsindədir. Ona hamilə olmaq olmaz. Burnundan qan axa-axa hamilə qalıb və məlum olub ki, genetik problem olub. Bu cənub zonasında qeydə alınmışdı. Orada qadınlar arasında belə xəstəliklər çoxdur. Yalnız hamiləlik və doğuş zamanı bu hal aşkarlanır”.
S.Məmmədova eyni zamanda vurğulayıb ki, ana ölümlərində günahkar olan həkimlər işdən azad ediliblər: “Bu ilin fevral ayında Doğuşayardım Komissiyasının kollegiyası keçirilib. Kollegiyanın qərarı ilə bir neçə həkim işdən çıxarılıb. İclasdan sonra belə hal müşahidə olunmayıb, çünki son ana ölümlərində həkim günahı olmayıb”.