Cəmiyyət (8-06-2016, 10:33)
Masallının Cəlil Nəzərov bəlası: “Pulun yoxdu doğma” deyən baş həkim
Baş həkim, "pulun yoxdu doğma” - deyir
Mediatv.az xəbər verir ki, insanlar zaman-zaman bir sıra peşələrə yiyələnir və hər bir şəxs seçdiyi peşəsinə sayğı göstərməyə çalışır. Lakin elə peşələr var ki, ona yiyələnənlər insanların həyatında önəmli rol oynayırlar. Həmin peşə sahiblərinə həyatımızda daim ehtiyac duyulur. Onlar peşələrinə sadiq qalmaq üçün hətta "hipokrat” andı içir və insanların sağlam yaşamalırına qarant dururlar.
Hər bir insan, rast olduğu həkim adına böyük rəğbət bəsləyir. Bu şərəfli peşənin məsuliyyətinin daha çoxluğu insanların sayğısına səbəb olur. Lakin bəzi həkimlərin öz peşələrinə hörmət etməməsi və şəxsi maraqlarını öndə tutaraq insanların sağlamlığına önəm verməmələri ciddi narahatçılıq doğurur. Hazırda ölkəmizin səhiyyə sistemində bu cür fəaliyyət göstərən həkimlərimiz var və onlar cəmiyyətimiz üçün təhlükəyə çevrilməkdədirlər.
Bir cənub şəhərinin də belə bir bəlası haqqında ölkə mediasında geniş yazılar dərc olunub. Buna baxmayaraq, Masallı səhiyyəsini iflic edən və rayonun Mərkəzi Xəstəxanasını bazara çevirən baş həkim cəzasız qalmaqdadır.
Cəlil Nəzərov adına sosial mediada rast gəlməyən vətəndaşımız az olar. Təbii ki, həmin axtarışlar zamanı Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin yaxşı və ya müsbət fəaliyyətindən danışan media orqanı tapmaq çətindir. Daim bu şəxsin qanunsuz əməllərindən, rüşvətxorluğundan bəhs edən yazıların şahidi olsaq da Cəlil Nəzərov toxunulmaz bir bəlaya və ya sağalmaz "xəstəliyə” çevrilməklə bir cənub şəhərində fəaliyyətini davam etdirir. Bəs görəsən baş həkimi qoruyan qüvvə və ya şəxs kimdir?
Mənsimovun dostu, yoxsa düşməni?
Mətbuatda bu şəxsi toxunulmaz edən bir fakta daha çox önəm verilir. Hamı baş həkimin Mübariz Mənsimov tərəfindən tapşırıldığını və qorunduğunu iddia edir. Əlbəttə Mübariz Mənsimov haqqında ancaq xoş sözlər demək olar. Azərbaycanlı milyarderin ölkəmiz və insanlarımız üçün etdiyi yaxşılıqlar danılmaz faktdır. Onun həm ölkədə, istərsədə cənub bölgəsində böyük nüfuza və hörmətə sahib olduğunu söyləmək olar. Lakin, Cəlil Nəzərovun bu xeyirxah insanın adını öz qanunsuz əməlləri ilə yanaşı hallandırması qəbul olunmur. Masallı rayon Mərkəzi Xəstəxanasında rüşvətxor fəaliyyəti ilə hamını narazı salan C.Nəzərovun, "mənim arxamda prezidentdən də güclü adam dayanır. Mübariz Mənsimov ən yaxın dostumdur” - kimi ifadələri haqlı olaraq narazılıqlar formalaşdırır. Lakin baş həkim öz çirkin niyyətindən əl çəkməyərək hətta bəzi media orqanlarında Mübariz Mənsimovun yaxını kimi çıxışlar edərək iş adamının müdafiəçisi cildinə girir. Bəzi özünə yaxın mərbu orqanlarda Mübariz Mənsimov haqqında xoşa gəlməyən yazılar yazdırıb sonra onlara münasibət bildirib özünü dost kimi aparan baş həkimin niyyəti artıq aşkara çıxmaqdadır. Bu məntiqə sığmayan hərəkətlərlə iş adamının yanında özünə nüfuz qazanmağa çalışan Cəlil Nəzərov əslində mehriban düşmən rolunu oynamaqdadır. Ümid edirik ki, Mübariz Mənsimov bu şəxsin xoş olmayan niyyətindən hali olacaq və baş həkimin çirkin oyununa son qoyacaqdır.
Sağlamlıq arayışı 30 manata satılır
Masallı rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayışların Cəlil Nəzərovdan icazəsiz almaq mümkün olmadığını qeyd etmişdik. Onu da bildirmişdik ki, baş həkim arayışa görə 30 manat rüşvət alır və tələb etdiyi pulu verməyənlər sağlamlıq arayışından məhrum edilir. Masallı RMX-nı özünün şəxsi mülkü sayan Cəlil Nəzərov tələb etdiyi rüşvəti alandan sonra 1-ci qrup əlillərə də sağlamlıq haqqında arayış verir. Baş həkimin istəklərini yerinə-yetirməyənlər şikayət edəcəkləri barədə xəbərdarlıq edəndə qəti cavabla üzləşirlər: "istəyirsən get Prezidentə şikayət elə. Mən toxunulmazam”.
Qeyd edim ki, qaydalara görə sağlamlıq haqqında arayışı Mərkəzi Xəstəxananın tabeçiliyində olan poliklinika verməlidir. Lakin, Masallıda bu qaydalar dəyişir və baş həkimin haqqı çatmadan poliklinika heç bir arayış verə bilməz. Bununla yanaşı poliklinikalarda xəstələrin müayinəsi üçün göndərişlərdə baş həkimin nəzarəti və tələbləri ilə həyata keçirilir. Bu tələblərə görə xəstə Cəlil Nəzərova 20 manat rüşvət verəndən sonra göndəriş ala bilər. Digər arayışlar eləcədə formalar baş həkimin təyin etdiyi rüşvət cədvəlinə uygun olaraq verilir. Pulu olmayan xəstə isə Nəzərovun qaydalarını pozduğu üçün sənədsiz və müalicəsiz qalır.
Masallıdı sağlam gəncləri "dəli” edən baş həkim
Maraqlı faktlardan biri də Masallıda son zamanlar gənclərin kütləvi şəkildə həqiqi hərbi xidmətdən yayınmasıdır. Rayonda gənclərin bu yola əl atmasının səbəbini araşdırdıqda məlum oldu ki, Masallı MX-nın baş həkimi yeni qazanc yolu tapıb. Belə ki, rayonda sağlam gəncləri aldığı rüşvət hesabına "xəstə” və ya "dəli” edən Cəlil Nəzərov onların hərbi xidmətdən yayınmasına şərait yaradır. Rayonun təkcə Bədəlan kəndində bir ailənin 4 üzvünü bu yolla "dəli” edən Cəlil Nəzərov əməllərinə görə hələ məsuliyyətdən yayına bilir. Qəribə də olsa rayonda bu qanunsuz əməllər indi daha çox intensivləşib və Nəzərovun qazancının artmasına xidmət edir.
Təkcə hərbi xidmətə yaşı çatmış insanlar Nəzərovun analoqsuz "xidmət”indən yararlanmırlar. Hazırda rayonda bir çox insanlar baş həkimin "səyi” nəticəsində 1-ci və 2-ci qrup əlillərə çevriliblər. Bu yolla dövlətə küllü-miqdarda ziyan vuran, özü isə milyonlar qazanan baş həkim gerçəkdən bir möcüzəyə çevrilib. Cəlil Nəzərovun bu kimi qanunsuz və rüşvətxor fəaliyyətindən olunan şikayətlər Səhiyyə nazirliyinin binasından içəri keçmir.
Cəlil Nəzərov pulun yoxdu doğma - deyir
Masallıda uşaq dünyaya gətirmək istəyən valideynlər də bu şəxsin tələblərini özlərinə dərd edirlər. Hər doğuşa görə tələb olunan rüşvət valideynlərin, dünyaya gəlmiş uşaqlarının yerinə ağlamasına səbəb olur. Halbuki ata və ana olan şəxslər sevinclərini yaşamalı, övladlarının dünyaya gəlməsinə sevinməlidirlər. Lakin, Cəlil Nəzərovun istəkləri onları bu sevincdən məhrum edir. Masallıda bu şərtlərin ağırlığı insanları xəstəxanaya üz tutmaqdan yayındırır və keçmiş qaydalara əl atmağa məcbur edir. Bu da uşaqların sağlam dünyaya gəlməsində və anaların sağlamlığında problemlərin yaranmasına səbəb olur.
Rüşvətin məkan saldığı və hökmran olduğu Masallı rayon Mərkəzi Xəstəxanasına müraciət edən insanlar Nəzərov bəlasının şərtlərindən beziblər. Lakin, Səhiyyə nazirliyinin məsul şəxsləri bir baş həkimin özbaşınalığına son qoymaq istəmirlər. Belə davam etdikcə insanlar Masallı xəstəxanasına deyil ətraf rayonlara üz tutur ikiqat əziyyət çəkməli olurlar. Rayon sakinləri bildirir ki, Cəlil Nəzərovun 10 günlük müalicə üçün tələb etdiyi rüşvətlə başqa xəstəxanalarda 6 ay müalicə olunmaq olar.
Milyoner baş həkim dövlətin pullarını necə mənimsəyir?
Bu çarəsizliyin səbəbkarı olan baş həkimin rüşvətxor fəaliyyəti nəticəsində milyonçuya çevrilməsi hamıya bəllidir. Rayonda varlılar sırasında öndə gedən Cəlil Nəzərovun, Masallı rayon Mərkəzi Xəstəxanasının təmiri üçün ayrılan vəsaitləri də mənimsədiyi qeyd olunur. Ölkə mediasında geniş yer verilən bu mənimsəmə faktlarına biganə münasibət haqlı narahatçılığa səbəb olmaqdadır. Mənimsədiyi vəsaitlər və yığdığı rüşvət hesabına Masallıda obyektlər və villalar sahibinə çevrilən Cəlil Nəzərovun qanundan qorxmaması daha ciddi problemlərin yaranmasına şərait yaradır. Onun istirahət mərkəzlərinin sahibi və biznesmen baş həkim kimi ad çıxarması aidiyyatı qurumları narahat etməlidir. Bir müddət öncə bu şəxsin sahibi olduğu istirahət mərkəzində baş verən ölüm hadisəsi və günahkarların cəzalandırılmaması növbəti qanunsuzluq kimi yaddaşlarda qalıb. Cəlil Nəzərovu Masallıda səlahiyyət sahibinə çevirənlər, insanların nifrətini qazanmaqla yanaşı, cəzasızlıq mühiti formalaşdırırlar.
(Ardı var)
İkram Rafiqoğlu