Cəmiyyət (29-05-2016, 21:25)
Tale Bağırzadədən Xədicə İsmayılın azadlığa çıxmasına reaksiya
Hazırda Kürdəxanı təcridxanasında saxlanan Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə araşdırmaçı jurnalist Xədicə İsmayilın azadlığa çıxma xəbərinə sevindiyini bildirib.
Mediatv.az xəbər verir ki, Xədicə xanıma salamlarını çatdırmağı xahiş edən Tale Bağırzadə deyib ki, xanım jurnalistin azad olma xəbərini özünün azad olma xəbərindən üstün bilir: “Biz həmişə xanımlarımızın uca tutulmasına tərəfdar olmuşuq və bəyan eləmişik ki, Azərbaycan qadınının yeri həbsxana deyil. İllah da ki ictimai-siyasi mövqeyinə görə xanımların həbsə atılması, belə həbslərin adiləşdirməsi bizim daima hiddətimizə səbəb olub. Allah da şahiddir ki, hələ azadlqda olarkən bəyan etmişdim ki, hökumətin Leyla Yunusu, Xədicə İsmayılı azad etməsi qarşılığında mən özüm və əqidədaşlarım könüllü həbxsanaya girməyə hazırdıq”.
Tale Bağırzadə ümidvar olduğun bildirib ki, Xədicə İsmayıl yenə əvvəlki kimi cəsurcasına həqiqətləri yazmaqda davam edəcək. O, Xədicə İsmayıla yaradıcılıq uğurları arzulayıb.