Cəmiyyət (10-05-2016, 22:13)
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi
Ədliyyə Nazirliyinin Kollegiyası “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Mediatv.az xəbər verir ki, qaydaya əsasən nəzarət orqanı olan Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən nəzarət tədbirləri həyata keçirilərkən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi sahəsində hüquqpozmalara şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması ilə yanaşı onların təhlilinə və qabaqlayıcı tədbirlərə diqqət yetirilməlidir.
İndiyə qədər Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən çərçivəsində barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslər barədə qeyri-hökumət təşkilatlarını, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyini məlumatlandırmalı idi. Dəyişikliyə əsasən, bundan sonra Qeydiyyat və notariat baş idarəsi Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslər barədə qeyri-hökumət təşkilatlarını, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyini məlumatlandırmalıdır.
Digər dəyişikliyə əsasən nəzarət orqanı kimi Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə yeni səlahiyyət verilib. Bundan sonra Qeydiyyat və notariat baş idarəsi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək.