Cəmiyyət (26-02-2016, 18:13)
Zakir Fərəcov Eldar Əzizovun Sumqayıtla bağlı qərarını ləğv etdi
Son illər Azərbaycanda şəhər və rayonlara yeni icra başçısı gələndə ilk işi özündən əvvəlki rəhbərin qəbul etdiyi qərarları aradan qaldırmaq, öz planlarını həyata keçirmək olur.
Mediatv.az: Bir müddət əvvəl Sumqayıt şəhərinə icra başçısı təyin olunmuş Zakir Fərəcov da bu cür addım atıb.
Sumqayıtın əvvəlki icra başçısı Eldar Əzizov şəhərin Baş Planının müzakirəsi zamanı maraqlı fikirlər səsləndirmişdi. Bildirmişdi ki, Sumqayıt şəhəri qarşıdakı illərdə 2 rayona bölünəcək (Bakı və Gəncədəki kimi). Rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun ərazisi üçün isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək olan yerlər nəzərdə tutulurdu.
Modern.az saytının xəbərinə görə, yeni başçı Zakir Fərəcov sələfinin Sumqayıtın 2 rayona bölünməsini nəzərdə tutan qərarını ləğv edib. Yəni şəhərin 2 rayona bölünməsi, rayonlar üzrə İcra hakimiyyətlərinin formalaşdırılması işi aparılmayacaq.
Köhnə başçının dövründə verilən qərarlardan biri isə Avtovağzalın 18-ci mikrarayon ərazisinə köçürülməsi və orada daha iri kompleksin tikilməsi ilə bağlı idi. Amma Zakir Fərəcov bu qərarı da ləğv edib. Qeyd olunur ki, yaxın zamanlarda bu planın həyata keçirilməsi gözlənilmir.