Cəmiyyət (25-02-2016, 13:44)
“O zaman devalvasiya niyə olurdu ki?”
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyasından sonra bank kreditləri sahəsində əhaliyə güzəştlərin olması və bank faizlərinin aşağı salınması ilə bağlı məsələlərə aydınlıq gətirib.
Mediatv.az-ın məlumatına görə, Ə. Əhmədov bildirib ki, hökumət bu məsələyə münasibətini birmənalı ifadə edib. O deyib ki, hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımı resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir: “Mən hesab edirəm ki, əgər bütün bu resurslar olsaydı, o zaman devalvasiya niyə olurdu ki? Mən onu demək istəmirəm ki, hökumət bu məsələdə öz məsuliyyətini kənara qoyur, məsuliyyətdən kənara çəkilir. Xeyr. Amma məsələ ciddi şəkildə araşdırılmalıdır. Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib, lazımı güzəştlər, kompensasiyalar veriləcək. Yox, əgər imkan yoxdursa, onda sadəcə olaraq bütün dünyada devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımları atacaq”.
Ə. Əhmədov qeyd edib ki, prezidentin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması üçün çox ciddi işlər görülməkdədir: “Güman edirəm ki, çox yaxın zamanda yaranmış bu vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Bu çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa, həyata keçirilməsi mümkün olmayan müxtəlif təkliflərin üzərində uzun diskussiya aparmağa ehtiyac yoxdur”.