Cəmiyyət (19-02-2016, 13:34)
Həbsdəki sabiq məmurun şirkəti satıldı
“MTN işi” ilə bağlı həbs olunan BTRİB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan “CityNet” provayderi satılıb.
Mediatv.az xəbər verir ki, provayderin yeni sahibi “Nar” mobil operatorudur.
Provayderin satın alındığını mobil operatorun özü rəsmən təsdiqləyib. Şirkətin yaydığı məlumata görə, “Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksək sürətli və keyfiyyətli sabit internet xidmətlərindən rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.
Hazırda “CityNet” Abşeron ərazisində FTTx (fiber optik) və ADSL (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli internet və IPTV xidmətlərini təklif edir.
Öz növbəsində, “Uninet” şirkətinin (“CityNet” ticarət nişanı) icraçı direktoru Rasim Kərimov bu yeniliyi çox mühüm addım adlandırıb: “Müştərilərimiz üçün yeni imkanlar yaradırıq. Biz öz xidmətlərimizi genişləndirərək, müştərilərimizi yeni məhsullar və xidmətlərlə sevindirəcəyik”, – deyə o bildirib.
Bundan sonra şirkət “Nar-CityNet” adlanacaq.
Xatırladaq ki, Beytulla Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə təqsirli bilinir. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.