Cəmiyyət (3-02-2016, 18:11)
Keçmiş polis rəisi işıq idarəsinin rəisi təyin olundu
“Azərişıq” Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinə yeni rəis təyin edilib.
Mediatv.az xəbər verir ki, bu barədə azadlıq.info-ya məlumatlı mənbələrdən bəlli olub.
İdarənin köhnə rəisi Rauf Rzayevi əvəzləyənin kimliyi isə ölkə ictimaiyyətini xeyli təəccübləndirə bilər. Bu, Mingəçevir şəhərinin keçmiş polis rəisi, ötən ilin noyabrında yaşına görə təqaüdə göndərilən Ələsgər Bədəlovdur.
Ələsgər Bədəlovun adı ictimaiyyətin yaddaşında ötən ilin avqustunda Mingəçevir Polis İdarəsində baş vermiş qalmaqallı ölüm hadisəsi ilə möhkəmlənib. Onun rəis işlədiyi həmin dövrdə, avqustun 22-də Mingəçevir polisində Bəhruz Hacıyev adlı gənc ölmüşdü. Valideynləri və qərəzsiz müşahidəçilər Bəhruz Hacıyevin İdarədə aldığı işgəncələrdən həyatını itirdiyini bildirirlər.
Məlumatla bağlı “Azərişıq”dan şərh almaq mümkün olmayıb. Səhmdar Cəmiyyətdən yalnız Nizami RETSİ rəisinin bugünlərdə əvəzləndiyini təsdiqləyiblər.