Cəmiyyət (25-01-2016, 14:13)
“Bu gün Qiymət Mehdiyev hamının qarşısında bəyan edib ki…” – SOCAR-dan açıqlama
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.
Mediatv.az-a SOCAR-dan verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb.
* * *
“Bu gün Qiymət Mehdiyev işdə olub və hamının qarşısında bəyan edib ki, barəsində yayılan məlumatlar yalandır, əsassızdır”.
Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
Şirkət sözçüsü bildirib ki, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin xanımının Türkiyədə 20 milyon dollara 16 villa almasını özü təkzib edib.
N.Quliyev bu məsələnin SOCAR-a aidiyyəti olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Q.Mehdiyev ANS-ə gedib və yaxın dəqiqələrdə məsələ ilə bağlı geniş açıqlama verəcək.
Xatırladaq ki, virtualaz.org 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alması haqda məlumat yayıb. Könül Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.
K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Sayt bildirib ki, K.Mehdiyevanın mülkləri almaq üçün milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.