Cəmiyyət (8-12-2015, 19:36)
Komitədən dini saytlara xəbərdarlıq
Son günlər xaricdən idarə olunan bəzi dini təyinatlı saytlarda Azərbaycanda dini durum, qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı həqiqətə uyğun olmayan müxtəlif fikirlər yayılır.
Mediatv.az xəbər verir ki, məlumatlarda ölkəmizdə guya dini etiqad azadlığının məhdudlaşdırılması, dini mərasimlərin keçirilməsinin qarşısının alınması, hətta Aşura mərasiminin qadağan edilməsi, dindarlara qarşı təzyiq göstərilməsi və digər həqiqətə uyğun olmayan məsələlər haqqında danışılır. Təəssüflə qeyd etmək istəyirik ki, bəzi hallarda bu həqiqətdən uzaq informasiyalar dövlət məmurlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin adından yayılır.
Cəmiyyətdə, xüsusən dindarlar arasında bu cür şaiyələrin yayılması ölkəmizdə dövlət-din münasibətlərinə kölgə salmağa, insanlar arasında çaşqınlıq yaratmağa və dindarlarda dövlətə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyil.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, son günlərdə Milli Məclisin qəbul etdiyi qanunlar, mövcud qanunvericiliyə edilən dəyişikliklər heç bir halda ölkədə dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlməyib. Eyni zamanda, ölkəmizdə dini mərasimlərin, o cümlədən Aşura mərasimlərinin keçirilməsinin qadağan olunması barədə söylənən fikirlərin heç bir əsası yoxdur. Hər il olduğu kimi, bu il də Aşura və ərbəin mərasimləri məscidlərdə qeyd olunub və gələcəkdə də qeyd ediləcək. Ölkəmizdə dini etiqad azadlığı dövlətin təminatı altındadır və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur.