Cəmiyyət (8-12-2015, 13:52)
Neftçilərə ödəniləcək məbləğ açıqlandı
SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə, o cümlədən "Neft Daşları"nda baş vermiş bədbəxt hadisə dünyasını dəyişən, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların həcmi açıqlanıb.
Mediatv.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək:
"Təbii ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər. Bütün bunlar "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunla tənzimlənir".
Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq: "Məsələn, təxliyyə olunan neftçilər biri Mərkəzi Neftçilər Xəstəxanasından 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Məlum olub ki, həmin neftçinin yanıq dərəcəsi 60%-dir. Həmin neftçiyə I dərəcəli əlillik təyin olunacaq".
S. Müslümov qeyd edib ki, araşdırmalar zamanı məlum olub ki, 66 neftçinin hər biri əmək müqaviləsi ilə çalışıb.