Cəmiyyət (1-10-2015, 15:44)
Səudiyyə Ərəbistanı aviaşirkəti öz öhdəliklərini pozub – QMİ
“Azərbaycanlı zəvvarların vətənə dönməsində yaranan problemlərin məsuliyyəti “Flynas air” şirkətinin üzərinə düşür”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti zamanı zəvvarların dönüşündə yaranan gecikmələr və problemlərlə, o cümlədən Cidd aerportunda zəvvarların etiraz aksiyası ilə bağlı geri uçuşları həyata keçirməyi öhdəsinə götürən “Flynas air” avişirkətinin cəzalandırılmasını tələb edib.
Mediatv.az xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı tərəfi ziyarətin təşkili zamanı idarə qarşısında zəvvarların qayıdışını onlara məxsus bu avişirkətin həyata keçirməsini şərt kimi qoyub və tərəflər razılaşıb. Bu səbəblə azərbaycanlı zəvvarların vətənə dönməsi ilə bağlı yaranan problemlərin məsuliyyəti “Flynas air” şirkətinin üzərinə düşür: ”Onlar bunun səbəbini Cidd hava limanında izdihamın yaranması, aeroportun həddən artıq yüklənməsi ilə izah edirlər. Amma bizim zəvvarların üzləşdiyi problemlərlə müqayisədə bu səbəblər yetərli deyil. Ona görə də biz AZAL-a müraciət etmişik ki, Səudiyyə Ərəbistanına məxsus aviaşirkət öhdəliklərini yerinə yetirmədiyinə və zəvvarlara yaratdığı problemə görə cəzlandırılsın”.
Qeyd edək ki, “Flynas air” Səudiyyə Krallığının dövlət büdcəsindən maliyyələşən yeganə aviaşirkətdir və kral ailəsinə məxsusdur. Bu şirkətlə AZAL arasında zəvvarların daşınması və gətirilməsi ilə bağlı razılaşma mövcuddur. Bu razılığa əsasən Səudiyyə Ərəbistanı aviaşirkəti azərbaycanlı zəvvarların vətənə qaytarılmasını öz üzərinə götürüb.