Cəmiyyət (12-09-2015, 18:35)
Bakı-Sumqayıt qatarlarında gediş havayı olacaq - FOTO
"Yaxın iki gün ərzində Bakı-Sumqayıt marşrutu üzrə qatarlarda gediş havayı olacaq".
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, Sumqayıta getmək istəyən sərnişinlər Bakıdan saat 08:00 və 20:00-da çıxan iki qatardan istifadə edə biləcəklər: "Sumqayıtdan Bakıya isə qatarlar saat 09:30 və 21:30-da yola düşəcək".
N.Əzməmmədov qeyd edib ki, sentyabrın 15-dən Bakı və Sumqayıt arasında gün ərzində 8 qatar hərəkət edəcək: "Onlardan 3-ü İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsal etdiyi 2 mərtəbəli KISS markalı qatardır, digər 5-i isə əsaslı şəkildə təmir olunan Riqa istehsallı qatardır".
Onun sözlərinə görə, qatarların qrafiki sentyabrın 15-dən pik saatları nəzərə alınmaqla tərtib olunub: "Saat 06:00-dan 12:00-dək və 16:00-dan 21:00-dək yarım saatlıq intervalla qatarlar Bakıdan Sumqayıta və əksinə yola düşəcək. 12:00-16:00 aralığında isə qatarlar bir saatlıq intervalla hərəkət edəcəklər. Qrafik gələcəkdə dəyişdirilə bilər".
Hər bir qatar 4 vaqondan (onlardan biri biznes-sinif) ibarətdir. Bütün vaqonlar pulsuz internetlə və baqaj yükü üçün yerlə təmin olunub. Biznes-sinif vaqonlarda isə sərnişinlərə çay və kofe də (biletin qiymətinə daxildir) təklif olunur.