Cəmiyyət (25-08-2015, 19:58)
Tovuzda 100-ə yaxın sürücü saxlanıldı
Son zamanlar qəzalara səbəb olan nasaz avtomobillər həm də atmosferi çirkləndirir.
Bu cür vəziyyətə sovet istehsalı olan maşınlarda daha çox rast gəlinir. Kəpəz TV (Region TV) xəbər verir ki, mövcud problemi aradan qaldırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Tovuz Yol Polis Bölməsi əməkdaşları birgə reyd təşkil edib. Rayon ərazisində keçirilən yoxlamalar zamanı, atmosferi çirkləndirən, sənədləri qaydasında olmayan, arxa və yan şüşələri həddindən artıq işıq keçirməyən avtomobil sürücüləri aşkarlanıb.
Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz ediblər. Tovuzun mərkəzi küçəsində avtomobillərin sıx hərəkət etdiyi ərazidə reallaşan reydə 100-ə yaxın qayda pozan sürücü saxlanılıb. Onlara qaydalara uyğun olaraq protokollar tərtib edilib. Qeyd edək ki, "Təmiz hava aylığı" çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.