Cəmiyyət (25-08-2015, 14:35)
"Cavid Hüseynovun telefon danışıqları da ictimailəşdirilsin və hər şey aydın olsun" - FOTO
Futbolçunun anası: "Elşəni 23 il ərzində 2 dəfə görmüşəm".
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun ailə üzvləri ilk dəfə olaraq mətbuata danışıblar. Futbolçunun ailə üzvləri açıqlamalarında bu günədək baş verən hadisələrə, Cavid Hüseynovun həbsinə münasibət bildiriblər.
C.Hüseynovun ailə üzvləri ilə söhbətimiz futbolçunun yaşadığı Mehdiabad qəsəbəsindəki evlərində baş tutdu. Həmsöhbətlərimiz - Cavidin anası Xalidə Hacıyeva, qardaşı Şərafəddin Hüseynov, dayısı Rantiq Hacıyev, futbolçunun atasının silah yoldaşı, müharibə veteranı Vaqif Əlisoy və futbolçunun vəkili Adəm Məmmədov oldu.
C.Hüseynovun bir bacısı və bir qardaşı var. Almaniyanın Köln Universitetində təhsil alan Şərafəddin Hüseynov Cavidin böyük qardaşıdır. Ş.Hüseynov qardaşının həbs xəbərini aldıqdan sonra Azərbaycana gəlib.
Ş.Hüseynov ailələri və Cavid haqda mətbuatda və cəmiyyətdə formalaşdırılan mənfi rəydən narahat olduqlarını dilə gətirdi: "Mən hadisədən mətbuatdan xəbər tutdum. Sonra anamla əlaqə saxladım. Cavid haqda ilk olaraq yanlış fikir sosial şəbəkələrdə formalaşdırıldı. Jurnalistin ölümünə Cavidin səbəb olduğu, hətta o davada qardaşımın iştirak etdiyi də yazılmışdı. Amma sonradan məlum oldu ki, Cavid orada olmayıb. Sonra Cavidi sifarişçi kimi təqdim etdilər. Biz yüz faiz bilirik ki, Cavid günahsızdır. Əgər mümkündürsə, telefon danışıqları da ictimailəşdirilsin və hər şey aydın olsun. Biz razıyıq ki, Cavidin günahı varsa, layiqincə cəzalandırılsın. Elşənin (jurnalisti döyən bibisi oğlu-red.) bir hərəkətinə görə Cavidi ittiham edirlər, günahlandırırlar".
Ş.Hüseynov baş verənlərin yeganə səbəbkarı kimi Elşən İsmayılovu görür. O deyir ki, bu dava Elşənlə Rasim arasında baş verib: "Rasimin Facebook-da yazdığı statusun şərh bölməsində Elşən onu təhqir edib. Bundan sonra ikisi arasında mübahisə yaranıb. Elşən Rasimi təhqir edib. Sonra telefonda danışıblar. Nə olubsa, ikisi arasında olub. Cavid davadan sonradan xəbər tutub. Cavid Rasimin yazdığı statusa reaksiya verəcək insan deyil. Sadəcə, Elşən mübahisə etdikdən sonra bunu Cavidə deyib. Cavid məsələni sakit yolla həll etmək məqsədilə Rasimə zəng edib".
Cavidin dayısı: "Hamımız ali təhsilliyik. Bizim övladlarımız da ali təhsillidir. Cavidin atası şəhid olduqdan sonra onların ailəsi biz qardaşların və xalalarının himayəsində olub. Onları öz ailəmizdən, övladlarımızdan ayırmamışıq. Bu ailədən bir insan öldürəcək övlad çıxa bilməz. Çox xahiş edirik ki, mətbuatda araşdırılmamış məlumatlar yer almasın. Cavid atası kimi vətənpərvərdir, ürəyi torpaq, bayraq sevgisi ilə doludur. Meydanda 9 milyonla bayraq sevgisini bölüşən bir insan necə cinayətkar ola bilər? Bu məsələdə Cavidin günahı yoxdur".
Cavidin atası Şakir Hüseynovun keçdiyi döyüş yolu haqda onun silahdaşı Vaqif Əlisoy məlumat verdi: "Şakir 1955-ci ildə Cəbrayılın Qaracalı kəndində anadan olub. Milli azadlıq hərəkatı başlayanda Şakir ön sıralarda idi. Milli Ordu yaradılanda Şakir də daxil olmaqla, 35 nəfərdən ibarət özünümüdafiə batalyonu yaradıldı. Həmin batalyonun komandirinin müavini Şakir təyin olundu. Batalyon sonradan hərbi hissəyə çevriləndə komandir Şakir oldu. O zaman Şakir Cəbrayılda yaradılan sülh batalyonunun komandiri oldu. Ən ağır döyüşlərdə Şakir öndə olub. Vətənini, millətini sevən Şakir bu sevgini ailəsinə də göstərirdi. Şakir Ağdamın Güllücə kəndində iki dəfə yaralandıqdan sonra şəhid oldu. O, "İgidliyə görə" medalı ilə təltif olundu. Silahdaşım yaralansa belə, meydanı tərk etmədi. Bu ailənin nəslindən 32 nəfər şəhid var. Belə ailədən nə cinayətkar çıxar, nə də cinayəti sifariş edən adam. Cavid günahkardısa, cəzasını alsın. İstintaq cənab prezidentin nəzarətində davam edir. Hər kəs qərarı gözləməlidir".
Cavidin məhkəməsində ailə üzvlərindən heç kim iştirak etməyib. Məhkəmə çıxışında isə Cavidi yalnız V.Əlisoy görüb: "Cavidi gördüm. Mənə dedi ki, Vaqif dayı, bir Allah şahiddir ki, mənim iynənin ucu qədər də olsa, günahım yoxdur. Mən də buna inanıram".
Söhbətimizə Cavidin anası ilə davam edirik. X.Hacıyeva jurnalistin döyüldüyü günü - avqustun 8-ni belə xatırlayır: "Cavidin 3 qurbanı var idi. Həmin gün dedi ki, birini kəsək. Həmin gün qurban kəsdik. Saat 5-də məşqi var idi. Məşqdən sonra da ailə üzvlərimizlə şəhərdə olmuşuq. Evə qayıdanda isə gec idi. Həmin gün baş verənlərdən xəbərimiz olmayıb. Cavidin zərrə qədər də olsun günahı yoxdur".
X.Hacıyeva Cavid Hüseynovla Elşən İsmayılov (Jurnalisti döyən şəxs, Cavid Hüseynovun bibisi oğlu red.) arasında yaxın münasibətlərin olmadığını dedi: "Elşəni 23 il ərzində 2 dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb. Bibi-dayı oğludular, buna baxmayaraq, aralarında yaş fərqi çoxdur".
X.Hacıyeva oğlunun E.İsmayılovun səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: "Bunu oğlum olduğu üçün, onu müdafiə etməyə görə demirəm. Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır".
Cavidin anası hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirdi: "Xəbərimiz yox idi. Mənə böyük oğlum dedi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orda qalmırdıq. Qonşular bizə zəng etdi ki, sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Oradan da Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar. Cavid evə gələndə dedi ki, izahat verib. Jurnalisti döyənlərlə üzləşdirilib. Elşəndən başqa heç birini tanımadığı, onların da onu tanımadığını dedi. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər".
C.Hüseynovun Rasim Əliyevlə danışığından ailə üzvlərinin hamısı xəbərsiz olub. Cavid yalnız Elşən İsmayılovla danışanda dayısı Rantiq Hacıyev yanında olub.
Dayısı həmin danışığı belə xatırlayır: "Cavid Elşənə dedi ki, sən niyə mənim işimə qarışırsan, mən Rasimlə danışdım, məsələni həll etdik. Elşən Cavidə dedi ki, Rasim onu söyüb, bu da onu söyüb. Bir-birilərini təhqir ediblər. Elşən dedi ki, bu söhbətə görə gedib Rasimlə görüşəcək. Cavid dedi ki, getmə. Əgər hansısa artıq hərəkət etsən, polisə cavab verəcəksən. Bundan sonra danışıq bitdi. Bu söhbətlərin hamısı istintaqda var. Bundan sonra olanlardan biz də, Cavid də xəbərsizik".
Vəkili Adəm Məmmədov jurnalistin ölümünün siyasiləşdirildiyini və bunun da istintaqa təzyiq olduğunu dedi. Vəkil, həmçinin jurnalistin döyülməsi ilə bağlı yeni məlumatlar verdi.
Vəkilin sözlərinə görə, jurnalistlə görüş zamanı 5 nəfərdən 2-si onu döyüb. Bunlardan biri Elşən İsmayılovdur. Digər 3 nəfər müdaxilə etməyib. Görüntüləri izlədiyini deyən vəkil hadisədə Cavidin heç bir günahının olmadığını bildirdi: "Bu hadisə isə onun jurnalist kimi fəaliyyəti ilə əlaqəli deyil. Avropa Şurasının baş katibi Turbyörn Yaqland Rasim Əliyevi RATİ-nin rəhbəri kimi təqdim edib. Bu da məsələni siyasiləşdirib. Bununla da istintaqın gedişinə təzyiq göstərirlər. Nəticədə müvəkkilimin vəziyyəti çətinləşir".
A.Məmmədov təzyiqlərin dayandırılmasını və istintaqın ədalətli şəkildə başa çatmasını tələb etdiklərini qeyd etdi: "Hüquqlarını müdafiə etdiyim şəxsin qohumunun və ya həbs edilən digər şəxslərin əvvəlcədən hansı cinayəti törədəcəklərindən xəbərinin olması mümkün deyil. Əgər hesab etsək ki, Cavid həmin şəxslərin Rasimin yanına getməsindən, arasında mübahisənin olmasından xəbəri olub, bu zaman da Cavidin hərəkətində cinayət tərkibi yoxdur. Çünki Cavid bilməzdi ki, onlar gedib nə edəcəklər. Buna görə də Cavidə qarşı 307-ci maddə ilə ittiham irəli sürülməsi qanunsuzdur. Bunu tək mən yox, digər hüquqşünaslar da deyir. Cavid haqda həbs-qətimkan tədbirinin seçilməsi üçün əsas yoxdur".