Cəmiyyət / Slayd (9-02-2015, 20:33)
Keçmiş xidmət rəisi Arif Qaraşovun klinikası nəzarətə alınıb – “Medical Plaza”da vergi yoxlamaları başlanılıb
Dia.Az bildirir ki, Azxeber.com-un redaksiyasına paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Medical Plaza” tibb mərkəzində vergi yoxlamalarına başlanması ilə bağlı özəl informasiya daxil olub.
Məlumatda qeyd olunur ki, Vergilər Nazirliyinin əməkdaşları klinikanın fəaliyyətini araşdırmaq, vergi borclarının vaxtlı-vaxtında ödənilib-ödənilmədiyini müəyyən etmək üçün “Medical Plaza”ya ezam olunub.
Vergi əməkdaşlarının gəldiyini görən klinika rəhbərliyinin cərrahları evə buraxdığı, yalnız vergi əməkdaşlarının olmadığı saatlarda cərahiyyə əməliyyatlarını həyata keçirmək barədə tapşırıq verdiyi də daxil olan məlumatlar arasındadır.
Azxeber.com qarşı tərəf olaraq yayılan informasiyalara aydınlıq gətirmək üçün “Medical Plaza” klinikası və Vergilər Nazirliyinin münasibətini öyrənib.
“Medical Plaza” klinikasının piar meneceri Bəhruz İsmayılzadə sualımıza cavabında infromasiyanın əsassız olduğunu deyib: “Cərrahlar gecələr yox, gündüzlər əməliyyat edir”.
Vergilər Nazirliyinin 195-1 saylı telefon sorğu mərkəzinə verdiyimiz sorğuya cavab olaraq, nazirliyin əməkdaşı Namiq Şirəliyev bildirdi ki, qanuna görə, vergi əməkdaşlarının keçirdiyi yoxlamalar barədə üçüncü şəxsə məlumat vermək qanuna ziddir: “Yaxşı olar ki, rəsmi sorğu ilə nazirliyə müraciət edəsiniz”.
Xatırladaq ki, “Medical Plaza” klinikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşova məxsus olduğu ilə bağlı mətbuatda indiyə qədər çoxsaylı iddialar yer alıb.
Qeyd edək ki, Arif Qaraşov uzun müddət bu quruma rəhbərlik etsə də, bir neçə il öncə vəzifədən azad olunub. Hazırda onun özü heç bir rəsmi post tutmasa da, qardaşı Taleh Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısıdır.